“31 mart sayqırımı erməni xislətinin tam olaraq ortaya qoydu” - Mobil Məmmədov

“31 mart sayqırımı erməni xislətinin tam olaraq ortaya qoydu”   - Mobil Məmmədov

Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 98 il ötür. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra hadisələr öz siyasi qiymətini aldı. Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən 31 mart azərbaycanlıların soyqırım günü kimi qeyd edilir.

“İki əsr ərzində Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş soyqırımı aktına uzun illər boyu siyasi-hüquqi qiymət verilməmişdir. Yalnız 1918-ci ilin mart ayında azərbaycanlıların kütləvi şəkildə qırılması faktını soyqırımı kimi qiymətləndirmək cəhdləri olmuşdur. Lakin Azərbaycanda XIX əsrin əvvəlindən başlayaraq xalqın kütləvi şəkildə işgəncələrə məruz qalması, Azərbaycan torpaqlarının işğal edilməsi ilə müşayiət olunan bütün faciəli hadisələr tarixin yaddaşına həkk olunmuşdur.”

Bu sözləri 31 MART soyqırımının dünyada tanıdılması istiqamətində aparılan işlərə münasibət bildirərkən Özbəkistandakı Azərbaycan diaspor təşkilatının rəhbəri Mobil Məmmədov deyib: “"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi əks olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük hissəsini xarabazarlığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir".

Azərbaycan tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi fərmanında onların Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulur, mərhələlərlə törətdikləri soyqırımı və terror siyasətlərinin mahiyyəti açılır, ölkəmizin hansı tarixi ədalətsizliklərlə üzləşdiyi yeni nəsillərə anladılır, xalqımızın qarşılaşdığı müsibətlərin tarixinə, siyasi və çağdaş aspektlərinə nəzər salınır. Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i azərbaycanlıların soyqırımı günü elan edildi.

Bu fərman həm də uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir. Məlum olduğu kimi, xalqımız sovet dövründə bu gerçəkliklərdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə başqa istiqamətdə köklənmişdir. Hətta dəhşətli soyqırımının qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstündə park salınmışdır. Bu mənada, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu fərmanı 200 illik işğal və soyqırımı siyasətini açıb göstərən tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətəninə bağlılığı baxımından da əhəmiyyətlidir. Bu fərman türk dünyasında bu istiqamətdə rəsmən bəyan edilən ilk hüquqi-siyasi sənəd olmaqla yanaşı, həm də tədqiqatçı alimləri yeni fəaliyyət yönümündə istiqamətləndirən dövlət sənədi oldu. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü diplomatiya təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur. Dövlətimizin başçısı Ermənistanın beynəlxalq səviyyədə ifşası, xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir, görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa edir, bu cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid atəşinə tutur, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırır. Dünya siyasi arenasında rolu olan dövlətlərlə, təşkilatlarla ardıcıl və müntəzəm işin aparılması onilliklər boyu formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların tədricən dəyişməsi ilə müşayiət olunmaqdadır. Hazırda qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik tələb olunur.”

Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR