" Korrupsiya inkişafımızı əngəlləyən əsas bəladır" - İlham Əliyev


"Azərbaycanın enerji siyasəti dünya tərəfindən yüksək qiymətləndirilir. Biz beynəlxalq əməkdaşlıq formatı yaradıb genişləndiririk”.


Aktual.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, iqtisadiyyatın digər sektorlarının inkişafı ilə bağlı da ciddi addımlar atılır: "Yaxın illərdə qeyri-neft sektorunun inkişafı daha da sürətli olacaq”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda idarəçilik sahəsində ciddi islahatlar aparılır: "Xoşagəlməz hallarla ciddi mübarizə gedir. Bu sahədə görülən tədbirlər ciddi nəticələr verir. Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır. Bu istiqamətdə də institusional tədbirlərin görülməsi öz gözəl nəticəsini verməkdədir. ".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır: "Bütün layihələrimiz əməkdaşlığa hesablanıb. Biz gələcəkdə də dünya bazarlarına şaxələndirilmiş ixrac imkanlarını təqdim etməliyik. O cümlədən intellektual məhsulun ixracı mühüm əhəmiyyət daşıyır”.

"Azərbaycanda ordu quruculuğu sahəsində ciddi addımlar atılır. Azərbaycan ordusu dünyada güclü ordular sırasındadır”-deyən İlham Əliyev bildirib ki, aprel hadisələri bir daha bunu təsdiq edib.

Azərbaycanın dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfəsindən danışan dövlət başçısı bu istiqamətdə bir çox ölkələrə nümunə göstərildiyini vurğulayıb: 

"Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edir və bu, bir sərvət kimi qorunur. Azərbaycan müstəqil siyasət aparır və xalq bu siyasəti dəstəkləyir. Ötən ay keçirilən referendum bunu bir daha sübut etdi. 25 il böyük bir tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik və uğurla yaşaya bilərik. Gözəlləşən şəhərlər, abadlaşan bölgələr və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri bunun əyani sübutudur. Biz gələcəkdə də bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəliyə gedəcəyik. Müstəqilliyimiz dönməz, əbədidir. Müstəqilliyimizin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram. Yaşasın müstəqil Azərbaycan Respublikası!”

Xəbər 694 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR