Yaramaz, şərəfsiz... - millət vəkili yazır

Yaramaz, şərəfsiz... - millət vəkili yazır

Elşən Musayev

Başında Sarkisyanın durduğu rejimin yaramaz, şərəfsiz, anti-demokratik komponentlərə söykəndiyi dəqiqdir. Orası heç. Amma 5-10 gün ərzində müxalifətin koordinasiyası, təmərküzləşməsi necə baş verdi? - Maraqlı olan mövzunun bu tərəfidir.  
Ekspertlər öz gördükləri üzərindən ehtimallar yürüdürlər. Halbuki dərin mətləblərdə çox güman, daha dolğun səbəblər yatır. Məsələn, sual edilir: "Rusiyanın Sarkisyanı qorumağa gücü çatmadı?” – Deməzdim. Çün, paralel fonda Qərbin proseslər boyunca elə bir təzyiqi hiss olunmurdu. Hətta Ermənistandakı seçkilərlə bağlı verilmiş rəy belə ümumi şablonlara söykənirdi, müxalifətə xüsusi diplomatik dəstək - sətiraltı məqamlarda da nəzərə çarpmırdı. Fəqət, "devrim” baş verdi. Daha doğrusu yarım - devrim!
Razıyam, Rusiya hər zəiflədiyində - onun faktiki nəzarətində olan (və ya zaman-zaman açıq müdafiəsinə qalxdığı) hansısa ölkə əldən gedib. İlk zəifləmədə İraq itirildi, ardınca Liviya. Suriya da eyni aqibəti yaşayacaqdı – Əsəd özü güclü olmasaydı. Şimali Koreya dünyadan təcrid olunub deyə xalqın əli ilə hədəfə çatmaq hələ mümkünsüzdür  - ona görə proses ləngiyir və s. Ukrayna kimi dövlətlər isə məlum zəmində səngər rolunu oynayıb. Yəni, Qərblə Rusiyanın qarşıdurmasında "qurbanlıq” seçilib.  
Amma və lakin! – Ermənistandakı proseslər tam fərqli rakusda inkişaf etdi. İki səbəb görürəm:
1) Hadisələr gözlənilmədiyi halda öz məcrasından çıxıb və Sarkisyan məcburi "molo” götürməyə məcbur olub. Təbii, ağalarının məsləhəti ilə. Yoxsa daha əvvəlki seçkilərdən ikicə gün sonra millətini, vətəndaşını rahat-rahat küçənin ortasında güllə qabağına verməyi bacaran Sarkisyan bir anın içində Paşinyana öz səhvləri haqda etiraflar etməzdi. Demək, qulağına qeybdən pıçıldayıblar ki, durum fors-major xarakterdədir, geri çəkilmək gərəkdir - növbəti hücum üçün! Zatən əsas qayə, məqsəd ümumxalq dalğasını saxlamaq və axmaq Paşinyanın səhvini gözləmək idi. Adam da çox yubanmadı, səhvini elədi, özünü 1 gün içindəcə "yandırdı” - Vəzifə ehtirasını açıq göstərərək! Və bu səhv Paşinyana həqiqətən baha başa gələcək. Çün, inqilab təşəbbüskarları emosional xalqın qarşısında öz ambisiyalarını əsla və əsla biruzə verməməlidirlər. İdeoloji mübarizələr hətta imitasiya xarakterlidisə belə, ətrafa təbii təsir bağışlamalıdır. Bu psixoloji aksiomdur! Paşinyan isə tələsdi. Çox tələsdi...
2) Sarkisyanın hansısa səhvinə görə ağaları tərəfindən cəzalandırılması da mümkündür və həmin cəzanı "xalqın” əli ilə vermək elə də çətin məsələ deyil.  Zatən "dərin dövlət”lərin kəsdiyi qulaqları gördüm deyən olmur. Kartlar bir az da açılsa, mahiyyət tam aydınlaşacaq.  
İndiki durumda isə Paşinyan "baş nazir” iddiası ilə artıq elektoratının 50 faizini itirib. Bunu canlı mitinq görüntülərindən də sezmək olar. Adam tələsdi və "komple” tələyə düşdü. Sarkisyan şərəfsiz isə köhnə qurddu, anlayırdı ki, ”məxməri inqilabı” bu qədər kortəbii formada, "taxtabaş” liderlə məntiqli sonluğa çatdırmaq mümkün deyil.
***
Qırsınlar bir-birini - Yaramazlar! İlanın ağına da lənət, qarasına da! İkisi də eyni bezin qırağıdır. Sadəcə proqnozum budur ki, inqilab fiaskoya uğrayıb və Paşinyan ağlının, daha doğrusu ağılsızlığının (təcrübəsizliyinin) ucbatından məğlub kimi görünür...
Ən azından indiki mərhələdə.
Xəbər 2924 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR