"Bakı Taxıl Terminalı"nın baş texnoloqunu öldürən şəxslər barəsində hökm verildi - 20 il həbs (- Foto)


Bakı Apellyasiya Məhkəməsində Ehtiram Həsənov, Mübariz Əliyev və Məhnurə Hüseynovanın CM-nin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 178.3.3 (dələduzluq, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə), 180.2.1 (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 180.2.2 (soyğunçuluq, təkrar törədildikdə), 180.2.4 (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə), 181.3.2 (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 181.3.3 (quldurluq,  zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) və 181.3.4-cü (quldurluq, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə) maddələri məhkəmə prosesi başa çatıb. 

Aktual.az xəbər verir ki, cinayət işinin başlanmasına, 2016-cı il yanvarın 8-i günorta saat 12 radələrində Hovsan qəsəbəsi, "Bağlar” yaşayış massivi, nömrəsiz evdə yaşayan Qalib Bağırovun (1963-cü il təv.) zorakı xəsarətlərlə meyitinin aşkar olunması barədə Suraxanı rayon prokurorluğuna daxil olan məlumat əsasında toplanmış material olub. Mərhum 1 il əvvəl arvadı ilə boşanıb və bağ evində tək yaşayıb. 
O, "Bakı Taxıl Terminal”ında baş texnoloq işləyib. 

Evin dəhlizinə baxış keçirilərkən meyit üzü üstə uzanıqlı vəziyyətdə, həmin yerdən bir qədər aralıda qara rəngli pul qabı aşkar edilib. Öldürülən şəxsin əynindəki köynəyinin ön və arxa hissələri qana bulaşıb, boyunun orta 1/3-də köndələn istiqamətdə yerləşmiş, zolaq formalı stranqulyasiya şırımı olub. 

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Qalib Bağırovun döş qəfəsində 4 ədəd dəşilmiş-kəsilmiş yaralar aşkar edilib. Ölümünə - ilgəklə sıxılmasından irəli gələn, boynunun yumşaq toxumalarına qansızma səbəb olub.

İş üzrə aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində həmin cinayətin 46 yaşlı Ehtiram Həsənov və 38 yaşlı Məhnurə Hüseynova tərəfindən törədilməsinə kifayət qədər əsaslar olduğundan, barələrində axtarış elan edilib. Yanvarin 24-də Qəbələ RPŞ-dən məlumat verilib ki, axtarışda olan şəxslər DYP-i postunda saxlanılıblar. Səhərisi gün onları Suraxanı RPİ-nin əməkdaşları na təqdim ediblər. Məlum olub ki, Həsənov və Hüseynova Qax rayonuna gedib, ordan Gürcüstana keçməyə cəhd göstəriblər. Lakin sərhədi keçə bilmədikləri üçün geri Bakıya qayıtmaq istəyiblər. Yol polisi postunda Suraxanı rayon prokurorluğu tərəfindən axtarışda olduqlarını biliblər. Tutulan şəxslərin ifadələri əsasında müəyyən edilib ki, cinayətin törədilməsində onların tanışları, 44 yaşlı Mübariz Əliyev də iştirak edib. Bu səbəbdən o həmin gün saxlanılıb və barəsində həbs-qəti imkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, Ehtiram Həsənov Bakı qarnizonu Hərbi tribunalının 1996-cı il tarixli hökmü ilə 7 il, həmin məhkəməninin 2000-ci il tarixli hökmü ilə 10 il və 2005-ci ildə Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunub. 2015-ci ildə Nizami rayon məhkəməsinin qərarı ilə cəza çəkməkdən vaxtından əvvəl azad edilib. Həmin ilin sentyabr ayında tanış olub, qeyri-rəsmi yaşadığı Məhnurə Hüseynova ilə qabaqcadan əlbir olub dələduzluq yolu ilə külli miqdarda, özgənin əmlakını ələ keçirmək qərarına gəlib. Bu məqsədlə Bakı ş. sakinləri Ruqiyyə Əkbərovaya və Mətanət İslamovaya, oğullarını Türkiyə respublikasında polis akademiyasına qəbul etdirəsəyini yalandan vəd edib, Məhnurə Hüseynovanın vasitəsi ilə Nərimanov parkında və kirayəşin qaldığı Z.Xəlil küçəsindəki evdə ümumilikdə 10.250 manat  məbləğində pulu ələ keçirib.

2016-cı ilin yanvar ayında Məhnurə Ehtirama Hövsan qəsəbəsində, bağ evində tək yaşayan tanışı Qalib Bağırovun külli miqdarda pulunun olmasını bildirib. Bu işə onlar qadının keçmiş əri Mübariz Əliyevi cəlb ediblər. Hüseynova evi göstərəndən sonra Ehtirmla Mübariz ora gəlib, ətrafı müşahidə ediblər. Cinayətin törədilməsini asanlışdırmaq, ifşa olunmalarını çətinləşdirmək və Qalib Bağırovla Hüseynovanın əlaqə saxlamaq üçün başqa mobil telefon və kart əldə etmək qərarına gəliblər. Nərimanov rayonu, Ə.RƏcəbli küçəsində fəaliyyət göstərən şirkətdən icarəyə "Hundai” markalı avtomobili götürərək, Yasamal rayonuna gəliblər. İbrahimbəyov küçəsində Bakı ş. sakini Elnarə Rzayevaya yumruqla zərbə vurub, üzərindəki "Samsung” markalı telefonu Sim-kartla birlikdə ələ keçiriblər. Yanvarın 6-ı Məhnurə Ehtiramın tapşırığı ilə Qalib Bağırovun istifadə etdiyi nömrəyə qısa SMS yazıb, görüşməyi təklif etdikdə, sonuncu bundan imtina edib. Ayın 8-i gecə saat 2 radələrində Ehtiram Həsənov idarə etdiyi avtomaşınla Hövsan qəsəbəsinə gələrək, nəqliyyat vasitəsini  Elçin Məmmədov küçəsində saxlayıb. Məhnurəyə maşında gözləməyi tapşırıb, özü isə Mübariz Əliyevlə Bağırovun bağ evinin qarşısına gəlib, üz və ağız nahiyyədə, dəliklər açdıqları papaqları və əckləri geyiniblər. Mübariz hasardan aşaraq, yaşayış sahəsinə qanunsuz daxil olub və darvazanın qapısını içəridən açdıqdan sonra, Ehtiram da həyətə daxil olub. Təxminən 5 dəqiqədən sonra, evin qapısının açıldığını görüb, hər ikisi içəri daxil olub, Qalibə zərbələr vuraraq, onu yerə yıxıb, pulların yerini deməyi tələb edib. Sonuncu pulu olmadığını bildirməsinə baxmayaraq, Həsənov əvvəlcədən gətirdiyi mətbəx bıçağını Mübarizə verib, özü isə otağları və geyim əşyalarını axtarmağa başlayıb. İlkin olaraq Əliyev, daha sonra Ehtiram yerə düşmüş bıçağı götürüb Qalib Bağırovun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirib, ona müstəsna dərəcədə əzab veriblər. Dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra, bayrdan gətirdiyi ipi Bağırovun boğazına dolayıb Mübarizlə birlikdə, onu boğublar. Dəhlizdə  asılmış gödəkçədən, habelə mərhumun cibindən 200 manat, 30 evro, 10 dollar, 10.000 belorus rublu, 
1 ədəd planşeti, "Nokia” markalı mobil telefonu ələ keçirərək, hadisə yerindən uzaşıblar.

Bundan başqa, yanvarın 21-i səhər saat 7 radələrində Mübariz Əliyev Bakıxanov qəsəbəsində yerləşən 252 saylı orta məktəbin arxasında Nuriyyə İsaqovaya arxadan yaxınlaşıb, boyun və kürək nahiyyəsindən yumruqla zərbələr vuraraq, çantasını zorla əlindən alıb. Zərərçəkən Sabunçu rayon 13-cü polis bölməsində verdiyi izahatda göstərib ki, çantasında 15 manat pul, mobil telefon və şəxsiyyət vəsiqəsi olub. Yanvarın 23-də təqsirləndirilən şəxslər Nərimano rayonu, K.Rəhimov küçəsi, 24 ünvanında yerləşən şirkətdən icarəyə götürdükləri "Kia” markalı avtomaşınla Suraxanı rayonunun S.Bəhlulzadə küçəsinə gəliblər və orda anoloji üsulla şəhər sakini Səadət Nəbiyevaya zor tətbiq ediblər. Qadının boyununun arxasından zərbə vurub, içərisində 21 manat pul, ətir, eynək və şəxsiyyət vəsiqəsi olan əl çantasını dartaraq ələ keçiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 20 il müddətinə azadlıqdan məhrum olunublar.

Hökmdən məhkumlar apellyasiya şikayətləri veriblər. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, onların şikayətlərini qismən təmin edib və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Təyin edilən cəzalar barədə məlumat verilməyib. 






















Xəbər 873 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR