Yol polisindən sürücü və piyadalara xəbərdarlıq

Yol polisindən sürücü və piyadalara   xəbərdarlıq

Bu gün səhər Bakıda qarlı və çovğunlu hava şəraiti ilə bağlı maddi ziyanla nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr sürücülərin yol və meteoroloji şəraiti nəzərə almaması səbəbindən baş verib.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, hazırda yolların qarlı və buzlu olması ilə əlaqədar paytaxtın inzibati ərazisində nəqliyyatın hərəkətində çətinliklər var. Buna baxmayaraq, yol polisi əməkdaşları hava şəraiti ilə əlaqədar səfərbər olunub və gücləndirilmiş iş rejimində işləyirlər.

"Bakı yollarında sürüşmə ehtimalı artıb. Hazırda paytaxtın enişli-yoxuşlu yolları və sərt döngələri nəzarətə götürülüb və vəziyyətlə əlaqədar sürücülərə müraciət edərək bildiririk ki, şəxsi avtomobildən mümkün qədər az istifadə etsinlər və ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Bu yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaldar. Belə havada yalnız peşəkar və təcrübəsi olan sürücülər sükan arxasında oturmalıdırlar".

Bölmə rəisi qeyd edib ki, hazırda paytaxtın Yasamal, Günəşli ərazilərində, yəni yüksəklik hissələrində, Bakıxanov və Sabunçu körpülərində, 20 Yanvar dairəsində yollarda buz bağlayıb, hərəkətdə çətinlik var: "Yol polisi əməkdaşları mütəmadi olaraq radioqəbuləedicilər vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətinin Qış qarajına və "Azəryolservis" ASC-yə yollardakı vəziyyət barədə xəbər verirlər. Ona görə də sürücülər maksimum diqqətli olmalı, hava şəraitini nəzərə alaraq hərəkət etməli, təkərlərinə zəncir vurmalı, aşağı sürət həddini seçməli, ara məsafəsi saxlamalı, avtomobillərin dövlət qeydiyyat nişani və işıq cihazlarının görünməsini təmin etməlidirlər. Sürücülər yalnız texniki cəhətdən tamamilə saz vəziyyətdə olan avtomobillərdən istifadəyə etməlidirlər".

Bundan əlavə, yol polisi sözçüsü piyadalara da müraciət edib: "Şəhərdə işıqforlar normal işləyir, yol nişanları var. Onların tələblərinə uyğun hərəkət edilməlidir. Lakin bəzi piyadalar yolları keçərkən pərakəndə hərəkət edirlər. Bununla da özlərinin həyatını və sürücüləri təhlükəyə atırlar. Eyni zamanda, belə havalarda azyaşlı uşaqların küçələrə çıxmaması, onların qapalı şəraitdə oynamaları təmin edilməlidir".

Qeyd edək ki, Azərbaycan sinoptikləri yanvarın 27-dək ölkə ərazisində qeyri-sabit, qarlı, çovğunlu hava şəraitinin üstünlük təşkil edəcəyini bildiriblər. Hazırda Bakıda qarlı, çovğunlu hava şəraiti hökm sürür.

Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR