Yaxın zamanlarda "Bakı Kart" "Baku Bus"la yanaşı, digər sərnişindaşıma şirkətlərinin avtobuslarında da tətbiq olunacaq.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Kart" layihəsinin rəhbəri Ceyhun Əliyev deyib.
Onun sözlərinə görə, bu istiqamətdə bəzi sərnişindaşıma şirkətləri ilə danışıqlar aparılır: "Bakı Kart" layihəsi təkcə "Baku Bus" avtobusları üçün nəzərdə tutulmayıb. Biz Bakıda sərnişindaşıma xidməti göstərən bütün şirkətlərdə kart sistemini tətbiq etməyi və genişləndirməyi düşünürük. Ona görə də bəzi şirkətlərlə danışıqlar aparılır. Amma bu iş hələ tam başa çatdırılmamış əlavə açıqlama verməyə tələsmirik".
C.Əliyev avtobuslarla yanaşı, gələcəkdə taksilərdə də "Bakı Kart"dan istifadə olunmasını istisna etmir: "Taksilərdə "Bakı Kart"ın tətbiq edilməsi texniki cəhətdən tam mümkündür. Biz bunu edə bilərik. Ancaq bunun üçün gərək taksi xidməti göstərən şirkətlər də bu məsələdə maraqlı olsunlar. Bununla bağlı qarşılqılı razılaşma olarsa, bu layihəni həyata keçirə bilərik".
Qeyd edək ki, "Bakı Kart"dan "Baku Bus"ın avtobusları ilə yanaşı, metroda da istifadə olunur. "Bakı Kart" bu ilin avqust ayının 6-dan istifadəyə verilib.