XİN-dən Dağlıq Qarabağla bağlı “Associated Press”ə - Etiraz

XİN-dən Dağlıq Qarabağla bağlı “Associated Press”ə   - Etiraz

“Associated Press”in Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünə dair hazırladığı materialda Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ərazisinin 12.000 kvadrat kilometr göstərilməsi faktı ilə əlaqədar etirazımız agentliyə çatdırılıb".

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ərazisi 4.400 kv. km-dir: “İşğal olunmuş digər ətraf rayonların ərazisi isə 12.6000 kv.km-dir. Ümumilikdə işğal olunmuş Azərbaycan ərazilərinin sahəsi 17.000 kv. km-dir və bu da ölkəmizin ərazisinin 20 faizini təşkil edir”.

H. Hacıyev həmçinin bildirib ki, materialda agentlik tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar yenə də “dispute” (mübahisə) ifadəsi işlənilib: “Bu da münaqişənin əsl mahiyyətini təhrif edir və münaqişə ilə əlaqədar tətbiq olunan terminologiyaya ziddir. Həmçinin materialda münaqişəyə dini çalarlar verilməsinə cəhd göstərilməsi düzgün yanaşma deyil. Rəsmi İrəvan Azərbaycana qarşı törətdiyi işğal və təcavüzü pərdələmək üçün müxtəlif vasitələrə, o cümlədən din amilinə üz tutmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün səy göstərir. Ermənistan-Azərbaycan münaqişəsinin kökü və səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və beynəlxalq hüquqa zidd şəkildə gücdən istifadə edərək Azərbaycan ərazilərini işğalı və işğal olunmuş ərazilərdə Azərbaycan əhalisini qanlı etnik təmizləməyə məruz qoymasıdır. Münaqişənin həssaslığını və beynəlxalq ictimaiyyətin düzgün şəkildə məlumatlandırılması zərurətini nəzərə alaraq, “Associated Press”i təkidlə sözügedən materialda müvafiq düzəliş etməyə, bu kimi faktları verməmişdən öncə dəqiqləşdirmə aparmağa və narahatlıq doğuran digər məqamları nəzərə almağa çağırırıq”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR