Xəzərdə suyun səviyyəsi 1,3 metr azalıb

Xəzərdə suyun səviyyəsi 1,3 metr azalıb

Yağıntıların azalması və havanın temperaturunun artması nəticəsində Xəzər dənizinin suyunun səviyyəsi ötən 20 il ərzində 1,3 metr azalıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xəzər dənizi üzrə Milli Araşdırmalar Mərkəzinin sədri Cavad Məlik deyib.

C.Məlik bildirib ki, son iki illə müqayisədə Xəzər dənizinin suyunun səviyyəsi azalıb: “2014-cü ildə Xəzərin səviyyəsinin orta illik qiyməti Baltik sistem ilə -26,89 metr olub. Bu rəqəm 2013-cü illə müqayisədə 22 santimetr, 2012-ci illə müqayisədə isə 30 santimetrdən çox azalmanın olduğunu göstərir”.

Onun sözlərinə görə, Xəzərdə suyun səviyyəsi 1995-1996-cı illərdə ən yüksək həddə olub.

C.Məlik deyib ki, 2015-ci ilin yazında Volqa çayından Xəzər dənizinə tökülən suyun həcmi 2014-cü illə müqayisədə 24 faiz az olub.

Qeyd edək ki, Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Bu çaylar arasında əsas yeri Volqa (80%), Kür (6%) və Ural çayı (5%) tutur. Terek, Sulak, Samur çayları ümumilikdə Xəzərə tökülən suyun 5%-ni, yerdə qalan suyu isə İranın xırda çayları gətirir. Xəzərin şərq sahillərindən heç bir çay dənizə tökülmür.

Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR