İlham
Rəhimli
sənətşünaslıq doktoru,
professor
Televiziya mənsub
olduğu millətin mənəviyyat vitrinidir. Gərək bu vitrini ən müqəddəs
ideallarımızı, ən ülvi əxlaqi keyfiyyətlərimizi, ən halal arzularımızı, ən
bakirə duyğu-düşəncələrimizi, ən möhtəşəm əməllərimizi tərənnüm edən
verilişlərimizlə bəzəyək.
Nə yaxşı ki,
Azərbaycan televiziyası bu inkaredilməz həqiqətə daim sadiqdir. Yurdumuza gələn qonaqlar bu əlvan, konül oxşayan,
estetik cazibə gücünə malik olan vitrinə heyranlıqla, məhəbbətlə, ehtiramla
tamaşa etməklə Vətənimiz haqqında, onun vətəndaşları haqqında, millətin
dövlətçiliyimizə müqəddəs yanaşması barədə qənaətə gəlir.
Azərbaycan televiziyası və radiosu daim dövlətçiliyimizə şərafət çırağı tutur.
Ölkəmizin, xalqımızın varlığının mövcudluğu geniş dünyaya ilk növbədə məhz
televiziya və radio pəncərəsindən açılır. Azərbaycan televiziya və radiosu
müstəqilliyimizin sadiq qoruyucusu kimi ordumuza bərabər gücə-qüdrətə qadirdir.
Azərbaycan
televiziyası və radiocu çağdaş Azərbaycan dilinin ən namuslu qoruyucusu, ən
etibarlı keşikçisidir. Cəsarətlə deyirəm ki, dilimizin paklığı, ülviyyəti,
şirinliyi, dadı-ləzzəti, lətafəti Azərbaycan televiziysı və radiosundakı qədər
heç bir ideoloji qurumda qorunmur.
Azərbaycan
televiziyası və radiosu bu dildə danışan milyonlarla insanın müəllimidir.
Hansısa sözün, hansısa kəlmənin, hansısa ifadənin necə səslənməsi barədə
mübahisə düşəndə anlaşılmazığa mütləq Azərbaycan televiziyasının ekranından,
Azərbaycan radiosunun dalğalarından səlis, dəqiq, tutumlu cavab tapmaq
mümkündür.
Mənim söylədiklərim uzun illərin təcrübəsi əsasında
gəlinən qənaətdir. Azərbaycan radiosu ilə 1968-ci ildən ünsiyyətdəyəm. Tələbə
olanda gənclik redaksiyasına məqalələr yazırdım. Azərbaycan televiziyası ilə
1969-cu ildən bağlıyam. Tələbə ola-ola ikinci növbə televiziyanın quruluş
sexində, hamının Ənvər kişi deyə müraciət etdiyi çox koloritli, maraqlı bir
adamın əlinin altında fəhlə işləmişəm. Elə o vaxtdan da televiziyanın sehirli aləmi məni ram edib və indiyədək həmin sehrin sirli-cazibəli
məftunluq dairəsindəyəm. Çünki bu gün
də Azərbaycan televiziyası və radiosu özünün ideal missiyasını şərəflə,
ləyaqətlə yerinə yetirir. Çoxsaylı televiziya kanalları, radio dalğaları
içərisində Azərbaycan televiziyası və radiosu müqəddəsliyini daim uca tutur.
Onun böyük kollektivində, adi işıqçıdan tutmuş şirkət rəhbərinədək, peşəyə,
sənətə vurğunluq, televiziya və radioya bağlılıq heyranlıq doğurur. Burada
işindən, yaradıcılığından ləzzət almayan, dövlətçiliyimizin əbədi keşikçisi
olan qurumda işləməkdən qürur duymayan işçi inanmıram ki, tapılsın.
Azərbaycan
radiosunun 91, televiziyasının 61 yaşı tamam olur. İlk baxışda bu iki rəqəm
quru, soyuq, adi, bəlkə də ötəri təsir bağışlayar. Amma di gəl ki, Azərbaycan
radiosu öz verilişlərində, öz yaradıcılıq qayəsində xalqımızın indi içində
yaşadığı 2017 ildən də çox qədimlə bağlı olan mədəniyyətmizin salnaməsini
yaradıb. Radio verilişləri ilə biz yüz-yüz illərin işığında musiqimizin
əzəmətini duyuruq, Nizami, Nəsimi, Xaqani, Füzulu, Mirzə Fətəli, Seyid Əzim,
Sabir, Cavid, Vurğun irsinin salnaməsinin ilmə-ilmə əbədiyyət xalçasına
toxunmasının şahidi oluruq.
Azərbaycan
televiziyası 61 ildə yüzlərlə 61 ilə bərabər olan sənət xəzinəsinə lentlərdə
əbədiyyət qazandırıb. Xalqımızın keçdiyi rəşadətli, qəhrəmanlıq dolu, həmçinin
ziddiyyətli, burulğanlı tarixi yolun salnaməsini məhz Azərbaycan televiziyası
əbədiləşdirib. Cəsarətlə deyə bilərəm ki, min ildə müxtəlif vasitələrlə xalqa
verilən maarifçilik işığından daha artığını Azərbaycan televiziyası 61 ildə
millətimizə bəxş edib.
Yuxarıda yazdığım
kimi, mənim radio və televiziya ilə ünsiyyətim 48-49 ildir. Bu illərdə həm
dəyişməz qanunlar formalaşıb, həm də çox-çox şeylər, münasibətlər, reallıqlar
dəyişib. Monolit əzəmətli dəyişməzlik Azərbaycan dövlətçiliyinin və Azərbaycan
dilinin müqəddəsliyini göz bəbəyi kimi qorumaqdır.
Dəyişənlər isə
çoxdur. Bir neçəsini xataırladım. Hansısa verilişi çəkməyə başlayanda bəzən
işıq qurulmasına 4-5 saat vaxt ayrılırdı. Amma bu gün dünyanın ən öncül işıq
sistemi ilə təchiz olunan AzTV-də, o cümlədən "İdman Azərbaycan” və
"Mədəniyyət” kanalında bu işi yönünə qoymağa 4-5dəqiqə kifayət edir.
Verlişi çəkirdik və
bəzən günlərlə, hətta bayramlar ərəfəsində həftələrlə montaj növbəsinə
dayanırdıq. Amma bu gün hansısa vacib verilişi (siyasi, ictimai, mənəvi,
reportaj, portret-oçerk və s. janrlı) çəkiliş başa çatan kimi montaj edib efirə
hazırlamağa imkan var. Onlarla qeyri-xətli montaj otaqları və orada əyləşən
peşəkarlar rejissorların, redaktorların sərəncamındadır.
Hansısa siyasi
verilişin, monumental bədii tədbirin dekorlarını söküb-qurmaq üçün saatlar,
hətta bəzən günlər lazım gəlirdi. Amma bu gün kinostudiya məkanları kimi nəhəng
pavilyonlarımızda, bir-birindən gözəl, çağdaş dünya şirkətlərinin yüksək
texnologiyalı avadanlıqları ilə təchiz edilmiş müxtəlif studiyalarımızda
onlarla daimi verilişimizin zövqlə, peşəkarlıqla işlənmiş dekorasiyaları
qurulub. Azərbaycan televiziyasının özünəməxsus rəng koloriti sanki ekrandan
insanın üzünə gülür, gözə, ruha dinclik bəxş edir.
Vaxt vardı respublikamızda
iki böyük tədbir eyni gündə keçiriləndə kollektivdə gərginlik yaranırdı. Dörd
kameralı Səyyar Televiziya Stansiyası daha vacibinə göndərilirdi. Digər tədbir
isə bir neçə fəhlənin güclə qaldırıb-düşürdüyü kameralarla lentə alınırdı. Amma
bu gün eyni vaxtda nəinki Bakıda, hətta Azərbaycanın müxtəlif bölgələrində
keçirilən 10 tədbirə STS göndərmək imkanı
var. Ondan yuxarı kameraya
qulluq edən STS-lərin yığcamlığı, texniki üstünlüyü çox çətin şəraitdə də
işləməyə və ən əsası, yüksək səviyyədə çəkilişə, yaxud canlı yayıma imkan
verir.
Təbii ki, hər bir
dövlət müəssisəsinin, yaxud özəl qurumun işlərinin qaydasında getməsi ilk
növbədə rəhbərliyin peşəkarlığı, idarəçilik bacarığı ilə sıx bağlıdır. AzTV-nin
sədri Arif Alışanov 17 yaşından bu kollektivdə çalışır və əmək kitabçasında
yalnız bir iş yerinin ünvanı var: Mehdi Hüseyn küçəsi, № 1. Sıravi işçidən
sədrlik kürsüsünə qədər yüksəlib. Ömrünün düz 40 ilini AzTV-yə sərf edən Arif
Alışanov bu məbədin inkişaf etməsi naminə teleməkandakı ən peşəkar insanları işə
cəlb edib. Maraqlı və zövqlü veriliş və proqramların hazırlanması, yeni
texnikaların alınması, müasir avadanlıqların quraşdırılması, abadlıq işləri
məhz onun rəhbərliyi dövründə olub. Onun yaradıcılıq məsələlərinə vaxtında və yerində
müdaxiləsi görülən işlərin efirdə qüsursuz təqdimatına səbəb olur. Arif
Alışanovun ssenarisi əsasında çəkilmiş onlarla sənədli televiziya filmi onun
dövlətçiliyə və milli maraqlara sadiqliyini sübut edir.
Yalnız bir faktı
xatırlamaq onun gördüyü işlərin əzəmətini görmək üçün kifayətdir. Son iki ildə
yeni televiziya korpusu istifadəyə verilib. Təkcə bu korpusun texniki
avadanlığının sayı, keyfiyyəti, sahəsi, işıq cihazları, çəkiliş kameraları,
idarə pultları, iş otaqlarının rahatlığı 50 ildəkilərdən qat-qat artıqdır,
çoxdur, yaxşıdır.
Arif Alışanovun
rəhbərliyi altında görülən irimiqyaslı işlərin nəticəsidir ki, geniş tamaşaşı
kütləsi "Mədəniyyət” və İdman Azərbaycan” telekanallarının da "AzTV QSC”nin
nəzdində fəaliyyət göstərməsini böyük məmnunluqla qarşıladı.
Azərbaycan televiziyası
və radiosu fasiləsiz işləyir. Eyni zamanda çox ciddi, məqsədyönlü proqram,
fundamental konsepsiya əsasında işləyir. Uzaq Şərqlə, Amerika ilə bizim vaxt
fərqimiz 10-12 saatdır. Buna görə də xaricdə yaşayan soydaşlarımızın daim
Azərbaycanla, dilimizlə, musiqimizlə, digər mənəvi dəyərlərimizlə təmasda
olmaları üçün gecə proqramları xüsusi prinsiplə qurulur.
Azərbaycan
televiziya və radiosu xalqımızın mənəviyyat çırağıdır. Ona görə də bu
kollektivdə işləmək hər bir işçiyə qürur və şərəf verir.
Xəbər 254 dəfə oxunub.