Verilişdəki qalmaqalla bağlı tədbir görüləcək - MTRŞ

Verilişdəki qalmaqalla bağlı tədbir görüləcək   - MTRŞ

Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən "Region" TV-də yayımlanan "Ferma" realiti-şou verilişində yaşanan qalmaqalla bağlı araşdırma aparılıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov bildirib.

Onun sözlərinə görə, verilişlə bağlı qurum tərəfindən müzakirələr aparılıb və ciddi olmasa da, nöqsanlara yol verildiyi nəticəsinə gəlinib: ""Ferma" realiti-şousu xeyli müddətdir ki, yayımlanır. Verilişin adından da göründüyü kimi, bu veriliş real hadisələri əks etdirir, real hadisələrdən ibarətdir. Realiti-şounun mahiyyəti də elə budur. Lakin reallıqda baş verən bir çox hallar, insanlarası münasibətlər var ki, bunlar xoşagəlməz hallardır və bu halların ictimailəşməsi məqsədəuyğun olmur. Xüsusilə davalar, gərginliklər. Məhz sözügedən verilişdə, realiti-şouda baş verənlərdə ciddi qanun pozuntusu olmasa da, real hadisələri əks etdirdiyinə görə bəzi insanlarda narahatlıq yaradır. Xüsusilə də oğlanın xanıma əl qaldırması, xanımın isə əks cinslə açıq münaqişəyə girməsi hallarının əks olunduğu görüntülər belə hallara səbəb olur. Çünki bu, bizim milli dəyərlərimizə ziddir. Bu mənada belə halların efirə yol açmamasına çalışılmalıdır".

Şöbə müdiri bildirib ki, bu cür hallar efirdə kübarlığın təmin olunmasına mane olur. Onun sözlərinə görə, veriliş canlı olmadığı üçün həmin görüntülər montaj oluna bilərdi.

T.Dadaşov kanal rəhbərliyinin bu məsələ ilə bağlı tədbir görəcəyinə inandıqlarını bildirib: "Yəqin ki, gələcəkdə bu cür halların qarşısının alınması üçün kanal tərəfindən tədbirlər görüləcək. Çünki əvvəlki dövrlərdə bu cür situasiyalarda kanal rəhbərliyinin operativ reaksiyası müşahidə edilib". 

Xəbər 688 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR