Azercell-in
dəstəyilə fəaliyyət göstərən komitə virtual məşqlər keçir
Azercell-in dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya
Komitəsi sağlamlıq imkanları məhdud uşaqları dəstəkləməkdə davam edir. Belə ki,
COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu dövrdə
evdən çalışan Uşaq Paralimpiya Komitəsinin məşqçiləri virtual təlimlər təşkil
edir, uşaqlarla onlayn qaydada məşğul olurlar. Dünyanın hər yerində olduğu
kimi, Azərbaycanda da bütün kütləvi tədbirlərin təxirə salındığı, idman
müəssisələrinin fəaliyyətini dayandırdığı bir zamanda bu məşqlər uşaqların
aktivliyinin qorunub saxlanmasına, indiki çətin dövrdə onlarda psixoloji
problemlərin, ruh düşkünlüyünün yaranmasının qarşısının alınmasına xidmət edir.
Uşaqlar üçün cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq,
boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsi daxil olmaqla 9
idman növü üzrə məşqlər keçirilir. Komitənin səyi ilə 7 il ərzində sağlamlıq
imkanları məhdud 200-dən artıq uşağın kütləvi idman tədbirlərində fəal
iştirakına nail olunub. Peşəkar məqçilərin dəstəyilə uşaqlar yerli və beynəlxalq
səviyyəli yarışlarda iştirak edib, yüksək nəticələr qazanıblar. Son 6 ay
ərzində daha 40-a yaxın sağlamlıq imkanları məhdud uşaq Komitənin sıralarına
qatılıb.
Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi 2013-cü ildə
beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Respublikası Milli Paralimpiya
Komitəsinin nəzdində yaradılıb. Komitənin fəaliyyətinin əsas məqsədi sağlamlıq
imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların
hazırlanması, onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə
inteqrasiyasının təmin edilməsidir. Sosial layihələrə xüsusi diqqət ayıran
"Azercell Telekom” MMC-nin 2014-cü ildən etibarən bu önəmli təşəbbüsə öz
töhfəsini vermək üçün komitənin fəaliyyətini dəstəkləyir.
Xəbər 305 dəfə oxunub.