Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 12 il ötür.
Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar öndərimizin Gəncənin Baş meydanındakı əzəmətli heykəli sakinlərin müqəddəs ziyarətgahına çevrilib.
Əllərində qərənfil, gül dəstələri tutmuş sakinlər ulu öndərə böyük ehtiram və məhəbbətlərini ifadə etməyə can atırdılar. Gəncənin bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, özəl bölmənin işçiləri, sadə vətəndaşlar anım mərasimində iştirak etməyə tələsirdilər. Ardı-arası kəsilməyən ziyarətçi axını ulu öndərin öz xalqı tərəfindən sevildiyinin, xatirəsinin nə qədər əziz tutulduğunun göstəricisi olmaqla yanaşı, gəncəlilər üçün necə böyük dəyər daşıdığının da nümunəsidir.
Əvvəlcə Dövlət Himni səsləndirildi. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və rəsmilər ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub dahi şəxsiyyətin ruhuna ehtiramlarını ifadə edirlər.
İcra başçısı Elmar Vəliyev bildirdi ki, artıq 12 ildir ulu öndər cismən Azərbaycan xalqından ayrılıb, lakin mənən bizimlədir və əbədi olaraq da bizimlə qalacaqdır. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Heydər Əliyev sözün əsl mənasında, vətənin böyük oğlu, xalqın lideri, bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azəbaycanın yaradıcısı, qurucusu oldu. Ulu öndərin siyasi xətti bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra insanlar cərgələrlə ulu öndərin abidəsini ziyarət edirlər və xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzürlər. Şəhərin Baş meydanında quraşdırılan böyük monitorda dünya şöhrətli insanın həyatından bəhs edən film nümayiş etdirilir.