Azərbaycanda da mümkündürmü; deputat: "Bunun üçün uzun zamana ehtiyac var”
Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Yerli özünüidarə orqanlarına keçirilən bu seçkilərdə vətəndaşların 78,11 faizi iştirak edib.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Yüksək Seçim Kurulunun (YSK) sədri Ahmet Yener seçkilərin nəticələrinə dair açıqlamasında deyib.
Bildirilib ki, böyük şəhər bələdiyyələri üzrə səslərin 99,99 faizi hesablanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 35, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 24, Xalqların Bərabərliyi və Demokratiyası Partiyası 10, Milliyyətçi Hərəkat Partiyası 8, Yenidən Rifah Partiyası 2, Böyük Birlik Partiyası 1, İyi Partiya 1 bələdiyyə sədrliyini qazanıb.
Otuz böyük şəhər üzrə CHP-nin 14, AK Partinin 12, Xalqların Bərabərliyi və Demokratiyası Partiyasının 3, Yenidən Rifah Partiyasının isə bir namizədi bələdiyyə sədri seçilib.
Göründüyü kimi, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP bu seçkilərdə əsas rəqibi olan Cümhuriyyət Xalq Partiyasına, bütövlükdə isə müxalifətə məğlub oldu. Bu, hakimiyyətdə olduğu 24 illik dönəmdə AKP-nin ilk məğlubiyyəti idi. Cümhurbaşqanının seçkinin artıq böyük ölçüdə nəticələri məlum olandan sonra gecə saatlarında etdiyi balkon çıxışı da diqqətləri xüsusi çəkdi, rəğbətlə qarşılandı. Ərdoğan dolayısı ilə məğlubiyyətlərini etiraf etdi: "Təəssüf ki, yerli seçki imtahanında istədiyimiz nəticəni ala bilmədik. Millətin iradəsi seçki qutusunda özünü göstərir və öz sözünü qutuda deyir. Millət öz mesajını seçki qutusunda siyasətçiyə çatdırır, öz xəbərdarlığını və minnətdarlığını seçki qutusu vasitəsilə bildirir. 31 mart bizim üçün son deyil, əslində dönüş nöqtəsidir. 31 mart seçkilərində türk milləti yenidən sandıq başında mesajlarını siyasətçilərə çatdırdı. Nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi ilk növbədə demokratiyamız və milli iradəmizdir. Seçki qutusunda iradəsini əks etdirən bütün vətəndaşlarıma ürəkdən təşəkkür edirəm. Ümid edirəm ki, seçkilərin nəticələri ölkəmiz üçün faydalı olacaq”.
Qeyd edək ki, hər zaman olduğu kimi, bu dəfə də Türkiyədəki seçkilərə böyük maraq oldu. Ölkəmizdə də bu seçkilər çox yaxından izlənilirdi və bir sıra suallar yaranmışdı.
Qardaş ölkədə niyə hər seçki böyük siyasi coşqu ilə müşayiət olunur? Azərbaycanda da mümkündürmü? Paytaxt Bakı daxil, bizim iri şəhərlərimizdə bələdiyyələr nə vaxt yaradılacaq?
Tural Abbaslı
AĞ Partiya başqanı Tural Abbaslı qardaş ölkədə seçki təməlinin möhkəm olduğunu söylədi: "Türkiyədə bütün seçkilərin belə ajiotajlı keçirilməsi seçki ənənəsinin olmasıdır. Baxmayaraq ki, qardaş ölkədə uzun müddət təkpartiyalı sistem olub. Səhv etmirəmsə, orada ilk demokratik seçki 1950-ci ildə keçirilib. O zaman iqtidar, yəni CHP məğlub olmuşdu. Menderesin rəhbəri olduğu Ədalət Partiyası qalib gəlmişdi. Həmin ilk demokratik seçkidə təməl necə qoyuldusa, bu günə qədər həmin ənənə davam etməkdədir. Fikir versəniz, görərsiniz ki, heç bir iqtidarlar, müxalifətlər bir-birini saxta seçkilərdə, səs oğurlamada, yaxud qeyri-legitimlikdə ittiham etmirlər. Heç kəs sandıqlara müdaxilə etmir. Təəssüflər olsun ki, bizdə belə bir ənənə formalaşmayıb. Müstəqillik tariximizdə ilk seçki kimi Ayaz Mütəllibovun seçkisini nəzərə alsaq, yaxud SSRİ-nin tərkibində qalmaq üçün keçirilən referendumu xatırlasaq, təəssüflər olsun ki, o zamandan ənənə yaxşı qoyulmayıb. Bizdə el deyiminə çevrilən bir məsələ var, məsələn, "heç bir mənası yoxdur, seçilən onsuz da seçilib, sən kimə səs verirsən ver, onsuz da qutudan başqası çıxacaq" kimi ifadələr insanların seçkilərə münasibətinin göstərcisidir".
Partiya başqanı dedi ki, ölkəmizdə bələdiyyə seçkilərinə ilk dönəmdə maraq yüksək idi, ümidlər böyük idi: "Amma sonradan göründü ki, bələdiyyələrin heç bir üstünlükləri yoxdur, formal bir qurumdurlar. Yerli icra hakimiyyətlərinin şöbələri funksiyasını yerinə yetirirlər. Ən yaxşı halda icra hakimiyyətinin icazəsi ilə torpaq sata bilərlər. Bələdiyyəlik institutuna ümid olmadığı, hətta bələdiyyələrdə maaşlar belə olmadığı üçün inanmıram ki, Türkiyədəki kimi bu quruma maraq yüksək olsun. İcra hakimiyyətləri seçkilərlə müəyyən olunsa, mer seçkiləri olsa, bəli, o zaman maraq ola bilər. Amma nəzərə alsaq ki, seçkiləri yenə Məzahir müəllim keçirir, o zaman seçkilərə marağın olacağına inanmaq çətindir. Dünya liderliyinə can atan, hətta partiyasının uduzacağını belə hiss edən Ərdoğan demokratik seçkilər keçirirsə, demək ki, şəffaf seçkilər daha önəmli faktordur, nəinki iqtidar məsələsi”.
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev tezliklə Azərbaycanda da bələdiyyə sisteminin Türkiyədəki kimi olacağına inanır: "Əvvəldən axıra qədər həmin seçkini izlədim. Bəli, sürprizlər oldu. Amma bu da gözlənilən idi. Əsas olan isə odur ki, qardaş dövlətin vətəndaşları öz iradələri ilə seçim etdilər, əsl demokratiya nümunəsi göstərdilər və seçkini ümumilikdə bayrama çevirməyi bacardılar.
Təbii ki, Türkiyə kimi ölkələrdə bələdiyyə sistemi tam formalaşıb və bu da əsasən həmin bələdiyyələrin tarixi, stajı ilə bağlıdır. Yəni onlar bir günün, bir ayın, bir ilin içində bu yerlərə gəlib çıxmayıblar. Bəzən məlum kontekstdə Azərbaycan bələdiyyələri ilə müqayisələr aparılır. Bunu düzgün hesab etmirəm. Çünki Azərbaycan bələdiyyələri hələ cavandır və hər kəs əmin olsun ki, müəyyən zaman kəsiyindən sonra bizim bələdiyyələr də Türkiyə bələdiyyələri ilə eyni sırada dayanmağı, onlar qədər güclü olmağı bacaracaq. Bunun üçün isə həm qanunvericilik sferasında, həm də praktik anlamda ciddi işlər görülür, bələdiyyələrin güclənməsi üçün bütün mümkün addımlar atılır. Elə parlamentə bələdiyyələrlə bağlı təqdim olunan son qanun layihəsini bu dediyimə misal kimi göstərə bilərəm. Hansı ki, yerli özünüidarəetmə orqanlarının müəyyən qisminin birləşməsini özündə ehtiva edir və həmin birləşmələr heç şübhəsiz, bələdiyyələrimizin işində yaxşı mənada ciddi dönüş yaradacaq, onların fəaliyyətinin stimullaşması üçün əhəmiyyətli səbəbə çeviriləcək".
Ceyhun Məmmədov
YAP-çı deputat Ceyhun Məmmədov isə müqayisəni qüsurlu sayır: "Düşünürəm ki, bu mənada bu gün Azərbaycan və Türkiyəni müqayisə etmək düzgün olmazdı. Çünki Türkiyədə bu seçkilər uzun illərdir keçirilir və artıq bir ənənə formalaşıb. Hesab edirəm ki, Azərbaycanda bunun olması üçün uzun zamana ehtiyac var. Amma gələcəkdə bu məsələ nəzərdən keçirilə bilər. Bələdiyyələrin fəaliyyətinə gəldikdə isə əlbəttə, bu məsələ ətrafında cəmiyyətdə, parlamentdə müzakirələr aparılır. İri şəhərlərdə bələdiyyələrin yaradılması ilə bağlı zaman-zaman təşəbbüs və təkliflərin biz şahidi oluruq. Bu mənada gələcəkdə bunun reallaşması mümkündür. Bu istiqamətdə mütləq addımlar atılmalıdır. Eyni zamanda belə seçkilər bizdə də vətəndaşların siyasi proseslərdə aktiv olmasının zəruriliyini ortalığa çıxarır. Vətəndaşların bu proseslərdə aktivliyi çox önəmlidir. Zamanla bu proseslər Azərbaycanda da olacaq və insanlarımız da bu proseslərdə aktiv iştirak edəcəklər”.
Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyasının Siyasi komitəsinin üzvü Natiq Cəfərli öz facebook səhifəsində bu seçkilər fonunda çox ciddi mətləblərə toxunub: "Türkiyəyə diktatura, Ərdoğana diktator deyənlər bir az utansınlar, dürüst seçki keçirən, uduzduğunu qəbul edən, səsə, seçiciyə önəm verən yerdə diktatura ola bilməz.
Qardaş Türkiyəni ordu quruculuğunda örnək alırıqsa, təhlükəsizlik konsepsiyasında, xarici siyasətdə birgə addımlayırıqsa, idarəetmə sistemlərimizi də uyğunlaşdırmalıyıq - yerli özünüidarə sisteminə keçməli, Mer institutunu təsis edib birbaşa seçkilər keçirməli, paralel olaraq da 14 iqtisadi rayonu inzibati ərazi vahidinə çevirərək Valilik (Prezidentin şəxsi nümayəndəsi) institutu yaratmalıyıq.
Türkiyə demokratik ölkə yolunda addımladığını göstərdi, bu seçkidən sonra Türkiyənin Qərblə yaxınlaşması sürətlənəcək, iqtisadiyyatda yaranmış problemlərin tədricən həll edilməsinə şahidlik edəcəyik..."
Musavat