Təbriklər!

Təbriklər!

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Mehriban xanım həm Azərbaycan cəmiyyəti üçün, həm də rəhbərlik etdiyim Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) üzvləri üçün çox önəmli şəxsiyyət və əziz simadır. Odur ki, biz DADP-çilər də bu gün Mehriban xanımın sevincinə şərikik.


Azərbaycanda birinci xanım institutu da, 1-ci Vitse-prezident vəzifəsi də real olaraq məhz M.Əliyevanın adıyla bağlıdır. Prezident İlham Əliyevdən öncəki dövlət başçılarımızın dönəmində Azərbaycanda bu institutlar, bu anlayışlar vətəndaşlıq qazanmamış, oturuşmamışdı. Məhz İlham Əliyev prezident seçildikdən sonra və Mehriban Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal surətdə iştirak etməyə başladıqdan sonra əvvəlcə Birinci xanım anlayışı, sonralar isə Birinci vitse-prezident anlayışı istər cəmiyyətin siyasi kəsiminin, istərsə də sıravi azərbaycanlıların gündəlik leksikonunda sözün tam mənasında özünə yer qazandı.

Birinci xanım olmaq və eyni zamanda da 1-ci vitse-prezident vəzifəsini icra etmək heç də asan məsələ deyil. Hər ikisi olduqca böyük məsuliyyət və fədakarlıq tələb edir. Mehriban xanımın özü də elə bu düşüncəyə sahibdir və hesab edir ki, birinci xanım olmaq missiya, 1-ci vitse-prezident olmaq isə böyük və məsuliyyətli yükdür. Onun fikrincə, birinci xanım olmaq həm də insanların bu və ya digər problemlərinin həlli üçün obyektiv fürsətdir, əlavə imkandır.

Biz DADP-çilər Prezident İlham Əliyevin Mehriban Əliyevanın 1-ci vitse-prezident təyin edilməsi haqda qərarını çox böyük sevinc və məmnuniyyət hissi ilə qarşılamışdıq. Cəmiyyət də bu qərara müsbət reaksiya verdi. Çünki cəmiyyət Mehriban xanımı mərhəmət və şəfqət rəmzi kimi tanıyır və onun ağıllı, xeyirxah, işgüzar qadın və siyasətçi keyfiyyətlərinə dərin hörmət bəsləyir. Cəmiyyətin Mehriban xanımdan gözləntiləri çoxdur. Bu gözləntilər həm də onun yenilikçi, islahatçı tipindən, obrazından qaynaqlanır.

Bizim partiya da cəmiyyətdə və ictimai-siyasi mühitdə məhz Mehriban Əliyevaçı partiya kimi tanınıb. Çünki DADP hələ ötən əsrin 90-cı illərinin əvvəllərində yaranmış və necə deyərlər, qocaman partiyalardan biri olsa da, amma çağdaş Azərbaycan cəmiyyəti və insanı bu partiyanın varlığından məhz 2000-ci illərin ilk 10 illiyinin sonlarında, Birinci xanım Mehriban Əliyevanın adıyla fəaliyyət göstərməyə başladığı andan etibarən xəbər tutdu. Mehriban xanım rəsmi olaraq DADP-nin üzvü olmasa da, amma cəmiyyətin mütləq əksəriyyəti onu bu partiyanın lideri kimi qəbul edirdi və məhz Mehriban xanıma görə bu partiyanın sıralarına böyük axın vardı. Partiya üzvlərinin sayı çox qısa müddət ərzində 100 min nəfəri keçmişdi. Bu da cəmiyyətin müxtəlif təbəqələrində Mehriban Əliyevanın siyasi obrazına və nəcib insani keyfiyyətlərinə qarşı böyük Sevgidən irəli gəlirdi.

2013-cü il prezident seçkilərində isə DADP daha bir ilkə imza atdı. Belə ki, partiyamızın təşəbbüsü ilə Mehriban xanım Əliyevanın prezidentliyə namizədliyi irəli sürüldü. Həmin vaxt partiya üzvlərimizin bu yekdil qərarı həm Azərbaycan cəmiyyətində, həm də dünya mediasında böyük maraqla qarşılandı. Şübhəsiz ki, biz bu qərarımızı Ulu Öndər Heydər Əliyevin siyasi kursuna və Prezident İlham Əliyevin son illərdə ölkədə apardığı böyük quruculuq işlərinə dəstəyimizin ifadəsi və həm də davamı kimi nəzərdə tutmuşduq. Bu gün də İlham Əliyev-Mehriban Əliyeva tandeminin Azərbaycanın inkişafının bu gününə və gələcəyinə hesablanmış siyasətini dəstəkləməkdə davam edirik. DADP-nin çoxsaylı üzvləri Mehriban xanımın istər milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində atdığı hər bir addımı, istərsə də BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatının - UNESCO-nun xoşməramlı səfiri kimi beynəlxalq miqyasda gördüyü bütün işləri təqdirlə qarşılayır. Mehriban xanımın haqqında hər zaman sevgi və sayğı hissi ilə danışan sıravi DADP-çilər, eyni zamanda onu həm də beynəlxalq arenada Azərbaycan qadınının, Şərq qadınının layiqli siması, təmsilçisi kimi görürlər.

Biz hörmətli Mehriban xanım Əliyevanı bu əziz günündə bütün DADP üzvləri adından ürəkdən təbrik edir və ona Azərbaycanın xoş gələcəyi naminə gördüyü və bundan sonra da görəcəyi işlərdə müvəffəqiyyətlər arzulayırıq.

Doğum gününüz mübarək olsun, Mehriban xanım!

Hörmətlə:
Əlisahib Hüseynov - 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Görüntünün olası içeriği: 1 kişi, oturuyor ve yazı
Xəbər 663 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR