Sonsuzluqdan əziyyət çəkən kişilər oxusunlar - VİDEO

Sonsuzluqdan əziyyət çəkən kişilər oxusunlar   - VİDEO

Araz Bayramov: “Bəzən çox xırda səbəb kişi sonsuzluğuna gətirib çıxarır”

Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uroloq-androloq Araz Bayramovun Aktual.az-a müsahibəsi

- Araz bəy, yəqin sizə də sirr deyil ki, gənc ailələrin dağılmasında sonsuzluq amili xüsusi yer tutur. Bir mütəxəssis kimi fikrinizi bilmək maraqlı olardı, sonsuzluğu doğuran səbəblər nədir?

- İlk öncə qeyd etmək istərdim ki, sonsuzluq müxtəlif səbəblərdən yarana bilər. Bu məsələyə yanaşmada ən xırda amilləri belə nəzərdən qaçırmaq lazım deyil. Bu mənada biz kişi sonsuzluğu ilə bağlı müracət edən xəstələri müxtəlif müayinələrdən keçiririk. Bu müayinələr içərisində xüsusi yeri kişilərdə skrotal ultrasəs müayinəsi (xayaların doppleri), qanda hormonlar FSH və LH və spermoqramma tutur. Burada haşiyəyə çıxaraq demək istəyirəm ki, sonsuzluq zamanı 30 faiz kişilərin, 30 faiz qadınların, 40 faiz də qarışıq səbəblərin payına düşür.

- Bəs kişi sonsuzluğunu yaradan əsas səbəblər hansılardır?

- Əvvəla onu deyim ki, sonsuzluqdan əziyyət çəkən ailələrdə həm kişi, həm qadın mütləq müayinə olunmalıdır. Son zamanlar kişi sonsuzluğunun sayında xüsusi artım var. Bunun da əsas səbəbkarı xaya damarlarının genişlənməsi, yəni varikoseldir. Digər səbəblər qismində oğlan uşaqlarında uşaq vaxtı xayaların gec enməsini, hormonal problemləri (hipoqonadizm hipoqonadotrop), cinsi yolla keçən infeksiyaları və xromosom xəstəlikləri göstərmək olar. Bu səbəbdən biz məsələyə kompleks yanaşırıq. Yuxarıda qeyd etdiyim kimi, xəstəliyin dəqiq səbəbini müəyyən etmək üçün bir sıra analizlər təklif edirik.

- Qeyd etdiniz ki, varikosel kişi sonsuzluğunu doğuran əsas səbəblərdən biridir. Varikoseli aradan qaldırmaq üçün hansı müalicə üsullarından istifadə edirsiniz?

- Varikosel, yəni xaya damarlarının genişlənməsi, xaya ətrafı venalar kələf şəklində xayanı əhatə edərək, fəaliyyətini pozur. Başqa sözlə ifadə etsək, spermatozoidlərin aktivlik faizini, sağlam spermatozoidlərin miqdarını aşağı salır və nəticədə gecikmiş dövrdə xaya həcminin kiçilməsi və xayada ağrılarla özünü büruzə verir. İlk növbədə onu deyim ki, varikoselin müalicəsi mikrocərrahiyə təcrübəsi olan uroloq-androloq tərəfindən aparılmalıdır. Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. 3 ay sonra isə ilk spermoqrammanın, 6 ay sonra təkrar analizin verilməsi tövsiyyə olunur. Əksər hallarda əməliyyatdan beş-altı ay sonra hamiləlik baş verir. Özü də əməliyyat heç bir ağrı, kəsik, stress olmadan 20 dəqiqə ərzində aparılır və xəstə elə əməliyyat olunan gün evə buraxılır. Sonda onu qeyd edim ki, heç bir səbəb aşkar olunmayan, sadəcə spermatazoidlərin aktivlik faizi aşağı olan xəstələri sadə vitamin kompleksi, yəni A, C, E vitaminləri və sink-selendən ibarət olan antioksidantlarla üç ay ərzində müalicə etmək olur.

- Oğlan uşaqlarında xayaların gec enməsi kişi sonsuzluğuna gətirib çıxara bilərmi?

- Tamamilə düz buyurdunuz ki, oğlan uşaqlarında xayalar bir yaşına qədər enmirsə, bu xayadakı sperma yaradan hüceyrələrin məhvinə gətirib çıxarır. Bu səbəbdən valideynlər bu məsələdə xüsusilə diqqətli olmalıdırlar. Əgər bir yaşına qədər oğlan uşaqlarında xaya enmirsə, mütləq həkimə müraciət olunmalıdır. Belə hallarda biz hormonal müalicə effekt vermədiyi zaman xayaları cərrahi yolla endiririk. Bu əməliyyat çox sadə prosedurdur və 20 dəqiqə ərzində xayalar xaya torbasına endirilir.

Azər Niftiyev/Aktual.az

 
Xəbər 22052 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR