“Seçki ağır olacaq...” – Elşən Musayevdən sensasion iddialar

“Seçki ağır olacaq...”   – Elşən Musayevdən sensasion iddialar

 Elşən Musayev

 
 
Düz 3 ay yarımdan sonra ölkədə parlament seçkiləridir. Fırtına öncəsi sükutu yəqin çoxları sezir. Nəsə var. Amma nə? - Bax bu haqda güman ki, dərin dövlətdən savayı kimsə məlumatlı deyil.
 
 
Con Kerrinin otağından yönləndirilən çevriliş planı ifşa olunarkən Amerika hətta səfirlik səviyyəsində belə doğru - dürüst açıqlama vermədi. Halbuki “kos - koca” bir dövlətin vitse - prezidenti kifayət qədər ciddi bir məsələdə günahkar bilinirdi. Həm də dövlət rəsmisi formatında. Üstəlik, çox ağır yanaşma tərzi ilə.
 
 
Diplomatik Protokolun isə önərdiyi çox amansız və dolayı rituallar (üsul - davranış qaydaları) var. Bunu diplomatiya sahəsi ilə azacıq əlaqəsi olanlar bilir. Dövləti bu sahədə təmsil edən birinin söylədiyi tək kəlmə ilə yaranmış olan müharibə prezidentlərindən də xəbərdarıq. Amma diqqət edin: Novruz Məmmədov səviyyəsində belə Qərb və qərbyönümlü qüvvələr açıq hədəfə gəldi. Fəqət, adamların qımı da qımıldamadı. Sanki bir günah etirafıymış kimi...
Amma bu bizim tanıdığımız Amerikadırsa boyunduruq halı ilə çətin farağat qala. Çox güman, sentyabr ayından etibarən açıq hədələr başlayacaq. “Tədbirlər planı” işə düşəcək. Bir sıra məmurların, strateji vəzifə sahiblərinin ovuna çıxılacaq. Hətta “penoplast terroru”nun davamı da istisna deyil. Ayrica, əllərindən gələni ardına qoymayacaqlar ki, ölkədə süni “iqtisadi çöküş bumu” yaransın. Muzdlu QHT təmsilçiləri isə tam aktivləşsin...
 
 
Yenə də fikri əsas hədəfdən – İNTERNETDƏN yayındırmaq üçün!
 
 
Bəli, bunu dövlət və hakimiyyət mənsubları da gözəl bilir: müasir həyata və ictimai – siyasi proseslərə siraət kontekstində bu gün internetin gücü fantastikdir. İnsanlar internetdən, sosial şəbəkələrdən az qala narkotik səviyyəsində asılıdır. Düzdür, bəzi “ağıllı” məmurlarımız  bu məsələnin kökündən həll edilməsini təklif edirlər. Amma paralel olaraq anlamırlar ki, bu halda hirs və aqressiya dalğası daha ağır ola bilər.   
 
 
Qərbin beyin institutlarının (Kerrinin başçılığı altında) ölkəmizlə bağlı düzənlədiyi çevriliş planında isə internetdən əsas silah kimi istifadə olunacağı qənaətindəyəm. Hətta buna əminəm. Çünki illərdir kompromat kolleksiyası yığılır. Ələlxüsus da bəzi məmurlar və onların övladları ilə bağlı. Heç uzağa getməyin: Adi “facebook”un gücü (hələ başqa sosial şəbəkələri demirəm) bu günki reallıqda çox yox, bircə video ilə istənilən perspektivli insanı, siyasini, namizədi “vurmaq” və “bitirmək” gücündədir.
 
 
Hər halda hakimiyyət texnoloqları eyni adlı nüansın doğura biləcəyi faciələrin yaşanma şansını,  perspektivini sıfıra endirmək, aradan qaldırmaq  üçün baş sındırırlar. Buna şübhəm yoxdur. Çünki cənab Prezidentin son çıxışlarından da ap - aydın sezilir ki, əsas prioritet və hədəf  hakimiyyəti ləkəli insanlardan təmizləmək, xilas etməkdir. Hətta ölkə başçısı bununla bağlı xalqa açıq bir mətnlə müraciət də ünvanlamışdı: “Prezident təkdir, o hər kəsə və hər şeyə nəzarət edə bilməz. İctimai nəzarəti sizlər həyata keçirməlisiniz. Lazımi məqamlarda mənə kömək etməlisiniz”
 
***
 
Əslində Qərbin Azərbaycandakı əlaltıları, onun  zaman - zaman işlədiyi, sərmayə qoyduğu insanlar da xüsusi bir  tərcümeyi - hala sahib deyil. Heç bir zaman da olmayıb. Ələlxüsus, saflıq baxımından. Yəni hakimiyyətin bu meydanda da rəqiblə oynamağa yetərli kartları var. Bəzilərini isə rezerv saxlayır və sadəcə məqamı gələndə istifadə edir. Məsələn, adi bir fakt deyim: yəqin Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son Prezident seçkilərindən düz 2 ay sonra Amerikanın ölkəmizdəki səfirinə xitabən ünvanladığı kəlmələri xatırlayırsınız: “Bazarlıq təklif olundu. Səs faizləri ilə bağlı. Amma biz bundan birmənalı şəkildə imtina etdik”. 
Hər halda Mehdiyev mövcud iqtidarın düşünən beyinlərindən biridir və eyni adlı fikirləri seçki ərəfəsində də səsləndirə bilərdi. Deyilmi? Amma buna getmədi. Niyə? Çünki dövlətin kompromat - resurs bazasından istifadə adekvat vəziyyətlər üçün nəzərdə tutulur. Daha dəqiqi, həmin resurs o zaman xərclənir ki, bunun üçün müvafiq şərait yaransın, həmin resursla hakimiyyətin özünümüdafiə instinktini təmin etmək mümkün olsun və nəhayət qarşında durub sənə demokratiya, insan hüquq və azadlıqları haqqında “dərs” keçənlər, moizə oxuyanlar ani zərbənin təsiri ilə bir anlıq sussun, səngisin, dilini dinməzcə saxlasın...
 
***
 
Artıq start fiti verilib. MSK tərəfindən verilməsə də Qərbin bəlli dairələri tərəfindən həmin fit dəqiq verilib. Hədəf  siyasi hakimiyyətdir, Azərbaycandır. Rəqib isə  Azərbaycanı da Gürcüstan və Ukraynanın gününə qoymaq istəyən qüvvələr. Dünyanı, bəşəriyyəti xaosa aparan  qüvvələr. Yırtıcı qüvvələr!
 
 
Seçki ağır olacaq. Buna əminəm.
 
 
Vuruşmaq isə bizim alnımıza yazılıb. Hər zaman və...elə hər mənada.
 
Xəbər 6362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR