Səbuhi Abbasov: “Biz rus və türk gənclərini bir araya gətirməliyik”

Səbuhi Abbasov: “Biz rus və türk gənclərini bir araya gətirməliyik”

24 noyabr 2015-ci il tarixdə Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub.

Türkiyə tərəfi rus qırıcısının sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu iddia edib. Rusiya prezidenti Vladimir Putin bu hadisənin Rusiya-Türkiyə münasibətlərində ciddi nəticələr doğuracağını bildirib.

Gərgin geosiyasi vəziyyət ölkəmizdə də geniş müzakirə obyektinə çevrilib. Məsələyə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov münasibət bildirib.

Uzun illərdir siyasi və iqtisadi sferalar başda olmaqla, bir çox sahədə sıx əməkdaşlıq edən Türkiyə və Rusiya arasında son zamanlar gərginləşən münasibətlərin dünya mediasının əsas müzakirə mövzusu olduğunu deyən S.Abbasov Azərbaycanın hər iki ölkə ilə qədim tarixi əlaqələrə və dostluq münasibətlərinə malik olduğunu dedi:

“Rusiya təyyarəsinin vurulmasından bir gün sonra, hələ hadisənin təfərrüatları tam müəyyənləşməmiş, Türkiyənin bəzi media vasitələrində Azərbaycanın mövqeyi ilə bağlı qərəzli iddiaların səslənməsi diqqətdən yayınmadı. Aydındır ki, Türkiyə ilə Rusiya arasında yaşanan böhranın dərinləşməsini və qonşu dövlətləri də əhatə etməsini istəyən müəyyən qüvvələr ölkəmizi münaqişə tərəflərindən biri kimi görmək istəyirlər. Hər iki ölkə ilə yüksək siyasi və iqtisadi əlaqələrə sahib olan Azərbaycanın Rusiya-Türkiyə gərginliyində tərəfə çevrilməsi isə bu ölkələrin hər hansı biri ilə münasibətlərimizdə arzuolunmaz situasiyaların yaranmasına gətirib çixara bilərdi. Baxmayaraq ki, söz və ifadə azadlığının mövcud olduğu digər dövlətlər kimi, Azərbaycanda da Türkiyə ilə Rusiya arasında yaşanan insdentlə bağlı fikirlər birmənalı deyil. Türkiyənin və yaxud Rusiyanın haqlı olması, beynəlxalq hüquq normalarının hansı dövlət tərəfindən pozulması Azərbaycan cəmiyyətində geniş şəkildə müzakirə olunur.”

Prezident İlham Əliyevin bu məsələdə düzgün mövqe sərgilədiyini deyən ekspert məsələnin yalnız danışıqlar yolu ilə həll olunmasının vacibliyindən danışdı: “Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Xarici işlər Naziri Mövlud Çavuşoğlunu qəbul edərkən, sözügedən məsələ ilə bağlı dövlətimizin mövqeyini qəti şəkildə ortaya qoydu. Hər iki ölkənin Azərbaycan üçün əhəmiyyətini vurğulayan İlham Əliyev Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin aradan qaldırılması üçün əməli fəaliyyətə hazır olduğunu da qeyd etdi. Beləliklə Azərbaycan Respublikasının Prezidenti özünün tərəfsizliyi və sülhpərvər mövqeyi ilə Türkiyə və Rusiya arasındakı mövcud gərginliyi körükləyən müəyyən qüvvələrdən fərqli olaraq, regionun bu iki böyük aktoru arasında qarşılıqlı əlaqələrin və mehriban dostluq münasibətlərinin yenidən bərpa olunmasın prosesinə önəmli töhfə verdi. Türkiyədən Qazaxıstan, Qırğızıstan və Tacikistana yük daşıyan, ancaq son hadisələrlə bağlı Rusiya-Gürcüstan sərhəddində saxlanılan türk maşınlarının Azərbaycan ərazisindən tranzit yol kimi istifadə etmələrinə icazə verilməsi də məhz Türkiyə-Rusiya münasibətlərinin normallaşması, daha da gərginləşməməsi üçün atılan addımlardandır. Hər iki dövlət arasında olan gərginliyin aradan qaldırılmasında vasitəçilik etmək üçün kifayət qədər imkanlarımız var. Hesab edirəm ki, biz ilk növbətə rus və türk gənclərini bir araya gətirməli, dialoq yaratmalı və beynəlxalq aləmə müraciət ünvanlamalıyıq. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq biz bu missiyanı öz üzərimizə götürməyə hazırıq. Bu istiqamətdə artıq ilkin işlər də görməkdəyik. Hesab edirəm ilk növbətə gənclər səviyyəsində ya QHT, ya da media nümayəndələri bir araya gəlməlidirlər. Bu daha yaxşı nəticəni stimullaşdıracaqdır.”

Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR