Sahibə Qafarova: "Zəngəzur dəhlizi Aİ ölkələri üçün də yeni imkanlar yaradacaq"

Sahibə Qafarova:

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında Baltikyanı ölkələrə səfərindən danışıb.

Aktual.az xəbər verir ki, parlament sədri bildirib: 

"İclasa başlamazdan əvvəl, mən sizə Milli Məclisin nümayəndə heyətinin fevralın 1-dən 7-dək Baltikyanı ölkələrə rəsmi səfəri barədə qısa məlumat vermək istəyirəm. 

Öncə xatırladım ki, Latviya, Litva və Estoniya Şərqi Avropanın böyük geosiyasi əhəmiyyətə malik olan bölgəsində yerləşirlər. Hər 3 ölkə Avropa İttifaqının və NATO-nun üzvüdür. 

Qeyd edim ki, həm Azərbaycan Respublikasının, həm də Baltikyanı dövlətlərin rəhbərliyi dinamik xarakter daşıyan ikitərəfli münasibətlərin inkişafına böyük diqqət yetirirlər. Bu ölkələr Azərbaycanla müxtəlif sahələri əhatə edən qarşılıqlı surətdə faydalı əməkdaşlıq əlaqələri saxlayırlar. Milli Məclisin nümayəndə heyətinin rəsmi səfərinin məramı da ikitərəfli siyasi dialoqun dərinləşməsinə töhfə vermək, xüsusən də dövlətlərarası münasibətlərin önəmli bir istiqamətini təşkil edən parlamentlərarası əlaqələrin inkişafı yollarını nəzərdən keçirmək idi.  
Hörmətli həmkarlar!

Nümayəndə heyətimizin Baltikyanı ölkələrə səfəri Latviyadan başladı, daha sonra isə Litva və Estoniya ilə davam etdi. 

Fevralın 2-də Latviya Seyminin sədri xanım İnara Murniyetse və Latviyanın Baş naziri cənab Arturs Krişyanis Karinş ilə, fevralın 3-də isə Latviya Prezidenti cənab Eqils Levits ilə görüşlər keçirildi. 

Nümayəndə heyətimiz fevralın 3-də Litva Respublikasına yola düşdü və elə həmin gün Litva Seyminin sədri xanım Viktoriya Çmilite Nielsen, ertəsi gün isə Litva Prezidenti cənab Gitanas Nauseda və Litvanın xarici işlər naziri cənab Gabrielius Landsbergis ilə görüşdü. 

Nəhayət, fevralın 6-da və 7-də nümayəndə heyətimiz Estoniya Respublikasında oldu. Estoniya parlamentinin sədri cənab Yüri Ratas, xarici işlər naziri xanım Eva-Maria Liimets və Estoniya Prezidenti cənab Alar Karis ilə görüşlər keçirildi. 

Baltikyanı dövlətlərin ali vəzifəli şəxsləri ilə söhbətlər zamanı bu ölkələr ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafından, o cümlədən, parlamentlər arasında əlaqələrin səviyyəsindən məmnunluq ifadə edildi, münasibətlərin daha da dərinləşdirilməsi üçün böyük potensial olduğu qeyd edildi. Həmsöhbətlərim təmsil etdikləri ölkələrin daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirməklə yanaşı, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığını, Avropanın enerji təhlükəsizliyinə töfhələrini, COVID-19 pandemiyasına qarşı mübarizədə  rolunu yüksək qiymətləndirdilər. 

Bütün görüşlərdə mən 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra regionda yaranmış yeni reallıqlar barədə məlumat verdim. Qeyd etdim ki, Azərbaycan öz ərazilərini Ermənistanın 30 il sürən işğalından qurtararaq, ərazi bütövlüyünü bərpa etmiş, bununla da BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təmin etmişdir. Artıq münaqişə tarixdə qalmışdır və işğaldan azad olunmuş ərazilərdə bu gün geniş miqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. 

Bildirdim ki, Ermənistan işğal altında saxladığı bütün şəhər və kəndlərimizi viran qoymuş, tarixi, mədəni və dini abidələrimizi məhv edib. Azərbaycanın regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasını istədiyini, bu məqsədlə suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə Ermənistana bir sıra təkliflər verdiyini diqqətə çatdırdım. 

Bu il 30-cu ildönümü tamam olacaq Xocalı soyqırımı haqqında düşüncələrimi bölüşdüm, Latviya, Litva və Estoniya parlamentlərinin Azərbaycanla dostluq qruplarının bu barədə verdikləri bəyanatların ölkəmizdə yüksək qiymətləndirildiyini bildirdim. 

 Söhbətlər zamanı mən ölkəmizin həyata keçirdiyi layihələr və mövcud investisiya imkanları barədə də məlumat verdim. Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışaraq qeyd etdim ki, bu dəhlizin açılması nəinki region, həm də Avropa İttifaqının üzvü olan ölkələr üçün yeni imkanlar yaradacaq.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri haqqında məlumat verərək bildirdim ki, Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar son mərhələdədir və sazişin 90 faizdən çoxu artıq razılaşdırılmışdır. Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir. Azərbaycan neftlə yanaşı, həm də Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropanı qazla təchiz edir. Bu isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir.

Hörmətli həmkarlar, Baltikyanı ölkələrdə rəsmi görüşlər ilə yanaşı, nümayəndə heyətimiz bir sıra tədbirlərdə də iştirak etdi. Biz Latviyanın paytaxtı Riqa şəhərində "Azadlıq” abidəsini ziyarət etdik və abidənin önünə əklil qoyduq, həmçinin Latviya Milli İncəsənət Muzeyində və Latviya Milli Kitabxanasında olduq. 
Parlament nümayəndə heyəti Litvanın paytaxtı Vilnüs şəhərinin "Antakalnio" məzarlığında 1991-ci il 13 yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdi və abidənin önünə əklil qoydu. 

Estoniya Respublikasına rəsmi səfər çərçivəsində isə biz həmin ölkənin paytaxtı Tallin şəhərində Elektron Estoniya Brifinq Mərkəzini ziyarət etdik və Mərkəzin fəaliyyəti ilə tanış olduq. 

Hesab edirəm, Milli Məclisin nümayəndə heyətinin Baltikyanı ölkələrə rəsmi səfəri uğurlu oldu və bununla əlaqədar mən nümayəndə heyətinin hər bir üzvünə öz dərin minnətdarlığımı bildirirəm". 
Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR