Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Teleqraf.com-a müsahibə verib.
Aktual.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, xarici mətbuatın yazdığına görə ABŞ Prezidenti Bayden BMT-nin Baş Məclisində BMT Təhlükəsizlik Şurasının genişləndirilməsi barədə Ərdoğanın təklifini müdafiə edəcək və Almaniya, Cənubi Afrika, Yaponiya, Braziliya və Hindistan hesabına daimi üzvlərin sayının artırılmasını təklif edəcək. Bu təklif qəbul olunarsa, BMT TŞ-da daha ədalətli qərarların qəbuluna nail olmaq olarmı?
- Mətbuatın yazdığı doğrudursa Baydenin təklifi ədalətli deyil. BMT TŞ-nin daimi üzvlərindən biri türk dövlətlərinin təmsilçisi kimi Böyük İyirmiliyin üzvü, güclü orduya sahib Türkiyə olmalıdır. O cümlədən, müsəlman ölkələri kimi ümumi daxili məhsulun həcminə görə dünyada 7-ci olan, 277 milyon əhaliyə sahib İndoneziya və nüvə silahına malik Pakistan da daimi üzv olmalıdırlar.
Həmçinin, daimi üzvlərin veto hüququ aradan qaldırılmalı, qərarlar dördə üç səs çoxluğu ilə qəbul olunmalı, qərarların icra mexanizmləri hazırlanmalıdır. BMT TŞ-nin qərarı olmadan ölkələrin ayrı-ayrı xarici dövlətlərin ərazisində müxtəlif adlar altında hərbi əməliyyatlar aparması qadağan olunmalı, belə bir hal baş verərsə, bu, təcavüz aktı kimi qiymətləndirilməlidir.Təcavüzü durdurmaq üçün üzv dövlətlər tərəfindən əhalinin say nisbəti nəzərə alınmaqla BMT-nin 300 minlik ordusu yaradılmalıdır. Bu güc yetərli olmasa daimi üzvlər öhdəlik götürməlidirlər ki, onlar bütün hərbi gücləri ilə Təhlükəsizlik Şurası qərarlarının icrasına dəstək verəcəklər. Yalnız bu halda BMT nəyəsə yaraya bilər.
- ABŞ Senatının beynəlxalq əlaqələr komitəsində Azərbaycan əleyhinə müzakirəni, Avropa Palamentinin Azərbaycan əleyhinə qətnaməsini necə qarşıladınız?
- Ümumiyyətlə, Hitler almanları, Mussolini italyanları ari (üstün hüquqlara sahib) irq hesab etdiyi kimi, Qərb də erməniləri bizə münasibətdə ari irq hesab edir. Onlar hesab edir ki, ermənilər bir milyon müsəlmanı ev-eşiyindən qova, Xocalıda soyqırımı cinayəti törədə, Azərbaycanın 900 yaşayış məntəqəsəni yer üzündən silə, onun torpaqlarının 20%-ni 30 il işğal altında saxlaya bilər, amma Azərbaycan öz ərazisində dövlət suverenliyini bərpa edə bilməz. Elçibəy bunu etmək istədi, Azərbaycana sanksiya tətbiq etdilər, işğalçıya maddi, siyasi, üçüncü dövlətlərin əli ilə hərbi dəstək verdilər. Ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, bizi yenə də müxtəlif bəhanələrlə hədələyirlər. Bu zaman həm özlərini, həm buradakı əlaltılarını ifşa edirlər. Qərbin fitlə hərəkət edən bizdən olan əlaltıları deyirdilər ki, Qərb iqtidarın bacarıqsızlığı ucbatından Qarabağ münaqişəsi barədə obyektiv həqiqəti bilmir. Həmin fitçilərdən soruşuram, necə olur Qərb özünün bir adamının həbsini dərhal bilir, amma yağışlı-qarlı soyuq havalarda, yayın qızmar istisində yeraltı qazmalarda, çadır düşərgələrində, qəza vəziyyətində olan müxtəlif binalarda 30 ildən artıq dözülməz şəraitdə yaşayan bir milyon insandan, dağıdılan şəhər və kəndlərdən, Xocalı soyqırımından xəbər tutmur. Yox, həbs olunan bir nəfər barədə sizlər məlumat vermisinizsə, onda xalqımızın bu faciələri barədə ağalarınıza niyə məlumat verməmisiniz? Yoxsa, bu millətdən deyilsiniz?
Bununla onu demək istəmirəm ki, Azərbaycanda insan haqları, qanunun aliliyi ilə bağlı vəziyyət yüksək standartlara cavab verir. Heç bir ölkədə, o cümlədən Qərb ölkələrində bu sahədə ideal vəziyyət yoxdur, birində bir az yaxşı,digərində bir az pisdir. Sadəcə istəyirəm xalqımız bilsin ki, daxilimizdə olan və olmayan müəyyən problemlərimizin qabardılması bizə sevgidən qaynaqlanmır, erməniyə dəstək xarakteri daşıyır. Qərbin əlaltıları iddia edir ki, biz Rusiya ilə yaxın olduğumuza görə ağaları tərəfindən müdafiə olunmuruq. Tutaq ki, siz dediyiniz kimidir. Bəs, onda harda qaldı Qəbin ali dəyərlərə, beynəlxalq hüquqa sadiqliyi?.. ABŞ Əfqanıstanda keçirdiyi əməliyyatlara Azərbaycanın verdiyi dəstəyə görə bizə tətbiq etdiyi sanksiyanı hər il təxirə salırdı. Həm də fikirləşirdi ki, Qarabağ münaqişəsini dondurub Əfqanıstandan ürkək dovşan kimi qaçandan sonra sanksiyaları təxirə salmayacağını bəyan edir.Budur bunların ali (mənəvi) dəyərlərə sadiqliyi. Fitçilər tez-tez "Əsrin Müqaviləsi"nin imzalanmasına ABŞ-ın verdiyi dəstəkdən danışırlar. Bəli, dəstək verdilər, çünki öz maraqları bunu tələb edirdi. Qoy bir nümunə göstərsinlər ki, Qərb özünün yox, Azərbaycanın beynəlxalq hüquqa söykənən hansısa marağına görə Azərbaycana dəstək verib. Bu, xalqımıza qarşı 20 Yanvar faciəsini törətmiş Qorbaçova Nobel sülh mükafatı verən, bizi işğalçı Ermənistanla razılaşmağa çağıran Qərbdir.
- ABŞ-ın baş qərargah rəisi Mark Milli deyib ki, Ukrayna Rusiya qoşunlarını öz ərazisindən çıxara bilməyəcək, müharibə uzun çəkəcək və çox qanlı olacaq. Bu fikrə də münasibət bildirmənizi istərdik...
- Qərb təcrübəsiz Zelenskiyə Ukraynada hakimiyyətə gəlməyə dəstək verməklə öz siyasətini uğurla həyata keçirmək imkanı qazandırdı. 2022-ci ilin fevralında müharibə başlayandan dərhal sonra demişdim ki, nə vaxtsa arxivlər açılsa və Baydenin Rusiya agenti olması üzə çıxsa, gərək heç kim təəccüblənməsin. Rusiya Krımı da Bayden vitse-prezident olanda ələ keçirmişdi, Suriyaya nəzarəti də, Əfqanıstandan qaçışı da Bayden həyata keçirmişdi. Putin 2021-ci ilin iyununda Baydenlə görüşəndən sonra müharibə hazırlıqlarına başladı. Görünür, Bayden ona hansısa təminatlar verib. Müharibə başlayandan deyirəm ki, sonda Ukrayna ciddi ərazi güzəştlərinə məcbur ediləcək. ABŞ sifətini qorumaq və NATO üzrə müttəfiqlərinin tam etibarını itirməmək üçün Ukraynaya müəyyən qədər yardım edir. Həm də dövlət ləyaqətinin tamamilə itiriləcəyindən qorxur. Axı 1994-cü ildə Badapeşt memorandumunu Ukrayna prezidenti Kravçuku imzalamağa daha çox ABŞ məcbur edib. Bu yaxınlarda Bill Klinton özü bunu təsdiq etdi. Həmin sənədə əsasən dünyanın üçüncü nüvə başlığına sahib (təqribən 1700-dən artıq çatdırılma vasitəsilə birlikdə nüvə başlığı) Ukrayna ABŞ, Rusiya və Böyük Britaniya tərəfindən ona ərazi bütövlüyü və təhlükəsizlik barədə təminat verəndən sonra nüvə silahından imtina edib. Mark Milli müharibə başlamamış belə onun nəticəsinin necə olacağını bilən adamdır. Ona görə deyirlər ki, ABŞ-la düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur.
Xəbər 902 dəfə oxunub.