Türkiyə baş naziri Binali Yıldırım Ədalət və İnkişaf partiyasının qrup toplantısında gündəmdəki mühüm məsələləri qiymətləndirib.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, toplantı zamanı baş nazir Rusiya ilə münasibətlərin normallaşma prosesinin başlandığını dilə gətirib: “Zamanın axarı bəzən qeyri-adi prosesləri də gündəmə gətirə bilir. Beynəlxalq əlaqələri idarə edənlər fövqəladə hadisələri normala çevirirlər. Rusiya ilə son dövrdə atılan addımlar bizim prosesləri normallaşdırma qərarımızın bir göstəricisidir. Rusiya ilə yaşadığımız bu prosesdə vəziyyətin yaxşılaşması üçün lazımi addımlar atılır”.
Binali Yıldırım Rusiya ilə Türkiyə arasındakı münasibətlərin yaxşılaşması prosesində Azərbaycanın rolundan bəhs edib və təşəkkürünü bildirib: “Hər iki lider arasında davam edən dolayı təmaslar nəhayət ki, nəticə verdi. Türkiyə ilə Rusiya arasındakı buzların əriməsi təmin edildi. İki ölkə arasında normallaşma prosesinin başlandığını deyə bilərik. Hər iki ölkə üçün xeyirlisi olsun. İşlərin bu nöqtəyə gəlməsində bir çox əmək və səy var. Xüsusilə Qazaxıstan və Azərbaycan kimi qardaş ölkələrə səylərinə görə minnətdarlığımızı bildiririk. Dostlarımızı artıracaq, düşmənlərimizi artıracağıq. Bu istiqamətdəki işlərimiz davam edir”.