Rusiya prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.
Aktual.az Report-a istinadən xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bundan öncə bildirdiyinə görə, Putinin əvvəlcə İlham Əliyev və Serj Sarqsyanla ayrı-ayrılıqda görüşəcəyi, ardınca isə üç prezidentin birlikdə danışıqlar aparacağı ehtimal olunur.
Uşakov qeyd edib ki, Kreml bu münaqişənin nizamlanmasında tərəflərə yardım göstərmək üçün fəal addımlar atır. O xatırladıb ki, Rusiya artıq 2016-cı ilin aprel ayının əvvəlində Dağlıq Qarabağda qızışan hərbi əməliyyatların dayandırılmasında həlledici rol oynayıb. Putin həmin vaxt, xüsusilə Azərbaycan və Ermənistan prezidentləri ilə bir neçə dəfə telefonla danışıb, iki ölkənin baş qərargah rəisləri Moskvaya dəvət olunub və aprelin əvvəlində Rusiyanın baş naziri Dmitri Medvedev İrəvan və Bakıya səfər edib.
"İndi biz öz vasitəçi missiyamızı, təbii ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə tam qarşılıqlı fəaliyyət çərçivəsində, Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə verdikləri bəyanatlara müvafiq olaraq təklif olunan prinsiplər əsasında davam etdirəcəyik", - deyə Uşakov bildirib.
Bu prinsiplər, xüsusilə Qarabağ probleminin həllində güc tətbiqinin yolverilməz olduğunu deyir.
Uşakovun sözlərinə görə, Rusiya tərəfləri təmkinlilik nümayiş etdirməyə, güc tətbiqindən yayınmağa və vəziyyətin sabitləşməsi üçün lazım olan bütün mümkün tədbirləri görməyə çağırır.
Kreml nümayəndəsi bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etmək Rusiyanın şərtsiz xarici siyasət prioritetləri sırasına aiddir.