“Radikal müxalifətin arzusu ürəyində qalacaq!” – Elşən Musayev

“Radikal müxalifətin arzusu ürəyində qalacaq!” – Elşən Musayev

Ölkə rəhbərinin fikirləri bizlər üçün "yol xəritəsi”dir. Onun müfəssəl və məzmunlu nitqi dövlətini, xalqını sevən hər kəs üçün prioritet olmalıdır. Çünki ölkədə həqiqətən son dərəcə ciddi islahatlar gedir. Bu islahatlara bir an etibarilə belə ara verilmir. Dövlət strukturlarında, Prezident Administrasiyasında, Milli Məclisdə aparılan həmin islahatlar yürüdülən siyasətin tərkib hissəsi, bariz nümunəsi və təzahürüdür. İstiqamət də budur ki, innovativ və operativ sistemə keçid zamanın nəbzinə uyğun olaraq daha tez təmin olunsun, xalq bu proseslərdən daha çox bəhrələnsin, insanların rifahı, onların dövlətə güvəni günü-gündən daha da artsın”.


Aktual.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev Azərbaycan prezidenti, cənab İlham Əliyevin 2020-ci ilin birinci rübünün yekunlarına həsr olunan videokonfransdakı çıxışı haqda danışarkən söyləyib.

"Dünyanın koronavirus pandemiyasının cənginə keçdiyi bir zamanda, yəni hətta bu kritikada belə Azərbaycan dövləti öz inkişaf strategiyasını davam elətdirirsə, bütün sahələrdə ciddi artımlar varsa, dinamika yenə müsbətə doğrudursa demək ki, həqiqətən getdiyimiz yol düzgündür, idarəetmə mükəmməldir, iqtisadiyyatımız dayanıqlıdır, siyasi sabitliyimiz öz müvazinətini hər zaman olduğu kimi qoruyub saxlamağı bacarır.

Amma çox təəssüflər olsun ki, sadalanan faktları, ölkədə gedən müsbət dəyişiklikləri görməyən və ya görmək istəməyən qüvvələr də yetərincədir. Onların başında isə radikal ünsürlərin cəm olduğu "Milli Şura" dayanır. Həmin anti-milli ünsürlər bu dövlətə və millətə qarşı həqiqətən düşmənçilik edirlər. Hakimiyyətlə mübarizə apardıqlarını zənn etsələr də eynən qeyd etdiyim kimi: əslində məhz dövlət və millətlə vuruşurlar. Tək arzuları da budur ki, vəziyyət kəskinləşsin, arzuladıqları xaos üçün münbit şərait yaransın, problemlər artsın və onlar da bu neqativlərdən nərdivan kimi istifadə edib yuxarı boylansınlar, görünsünlər, hər zamanki populizmlərinə köklənsinlər. Amma çifayda! Görməyəcəklər həmin günü. Arzuları ürəklərində qalacaq. Azərbaycan mövcud idarəçiliklə və mövcud rəhbəri ilə yalnız və yalnız inkişafa doğru gedəcək. Daima.

Zamaninda hətta inqilab əlbisəsi üçün rəng seçməkdə belə çətinlik çəkənlər, onun-bunun paltarını, köynəyini geyinənlər, tutuquşu kimi hansısa nümunəni təkrarlayanlar, əllərində öz milli bayrağımızdan savayı hamının bayrağını saxlayanlar bu gün bu millətə və bu iqtidara dərs keçə bilməzlər. Çünki mənəvi haqları yoxdur! Onlar gerçək düşməndirlər. Sifariş quludurlar. Marginallaşmış kütlədirlər. Belələrinin Banqladeş siyasətinə nə qədər dəxilləri varsa, Azərbaycan siyasətinə də bir o qədər dəxilləri var. Çoxdan tarixin zibilliyinə gömülən bu uğursuz qrup əgər düşünürsə ki, nə vaxtsa əllərinə fürsət keçəcək və Azərbaycanı yenə o zamanki AXC-Müsavat dövrünə aparacaqlar – yanılırlar! Həm də kökündən yanılırlar.

Siyasi dialoq müstəvisinə yaxın belə gəlməyənlər, masa arxasında oturmağı deyil, monitor qarşısında söyməyi özlərinə prioritet seçənlər, bütün görülən işlərə, millət və xalq naminə atılan addımlara kölgə salmağa çalışanlar fiaskoya məhkumdurlar. Tarixin bütün mərhələlərində!”- deyə millət vəkili fikirlərinə davam edib.

 

Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR