"Hazırda sülhün əldə olunması mümkünsüzdür"
Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiya-Ukrayna müharibəsi, Qərbin bu müharibədə rolu, həmçinin Ukraynaya dəstəyi, eyni zamanda bu proseslərin fonunda Azərbaycanla-Ermənistan arasında sülhün imzalanması barədə Elchi.az-ın suallarını cavablandırıb.
Aktual.az həmin müsahibəni təqdim edir:
-Qüdrət bəy, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə girməsi müharibədə dönüş yarada və sülhün əldə olunmasına töhfə verə bilərmi?
-Yox, çünki, Ukraynanın hücumu davam etdirmək üçün hərbi potensialı yoxdur. Onun "müttəfiqləri" Ukraynaya müharibəni davam etdirmək və təslim olmaması üçün yetəcək qədər silah-sursat verir. Sülhün əldə olunması üçün ya tərəflərdən birində daxili sabitlik pozulmalı və bu hakimiyyət dəyişikliyinə gətirməlidir, ya da tərəflərdən biri döyüş meydanında ciddi məğlub olmalıdır. Hazırda sülhün əldə olunması mümkünsüzdür, qılınclar qınından çıxanda diplomatiyaya yer olmur.
-Qərb Ukraynaya niyə onun istədiyi həcmdə silah vermir?
-Burda ehtimallar çoxdur. Birincisi odur ki, Bayden Rusiyanın agentidir, yaxud çox zəif və qorxaq birisi olduğundan Ukraynaya böyük həcmdə kömək edə bilmir. Əfqanıstandan "dovşan qaçışı"nı da buna misal kimi göstərirlər. İkinci variant odur ki, Qərb iki qadaş xalqın bir-birini qırıb onlardan tam asılı olmalarını istəyir. Ona görə müharibənin qarşısını almadılar. Rusiya onlardan tam asılı olarsa, onun imkanlarından Çin və İran başda olmaqla digər üçüncü ölkələrə qarşı da istifadə edə bilərlər. Birinci Qarabağ savaşında Azərbaycana qarşı istifadə etdikləri kimi... Uğursuz müharibənin Rusiya Federasiyasını dağıda biləcəyini də düşünə bilərlər. Başqa bir variant odur ki, Rusiyanın nüvə silahından istifadə edəcəyindən qorxurlar. Bu zaman belə sual yaranır ki, məgər Rusiyanın nüvə dövləti olmasını müharibəyə qədər bilmirdilər? Bilirdilərsə ,onda niyə onunla anlaşıb müharibənin qarşısını almadılar? Əksinə, təcrübəsiz Zelenskini daha da qızışdırdılar ki, Ukrayna tezliklə NATO-nun üzvü olacaq. Axı, Qərb istəsəydi, 2014-cü ilin martında da Rusiyanın təklifini nəzərə alıb qanuni prezident Yanukoviçi devirməyib, payızda prezident seçkiləri keçirilməsinə razılaşmaqla Ukraynanın ərazi bütövlüyünü qoruya bilərdi. Onlar istəsəydilər hakimiyyət ehtirası ilə alışıb-yanan, başları qızmış, ölkənin hansı fəlakətlərlə üz-üzə qala biləcəyini düşünmək imkanı olmayan təcrübəsiz "Maydan hərəkatı"nın liderlərinin başlarını soyuda bilərdilər. Amma etmədilər. O zaman Bayden vitse-prezident idi. Hazırda Rusiyanı tam ram edə bilməsələr, onları ərazi itkisinə məruz qalsa da Ukraynanın timsalında Rusiya ilə düşmən forpostun olması da qane edər. Qərbin indikindən artıq Ukraynaya yardım etmək imkanın olmaması barədə deyilənlər isə cəfəngiyyatdır.
-Böyük güclərin başının Ukraynada və Yaxın Şərqdə qarışdığı bir zamanda Ermənistan atəşkəs haqqında razılaşmanı poza bilərmi?
-Bu mümkündür. Ermənistan Ukraynanın Rusiya ərazisinə girməsindən ruhlanıb xarici tərəfdarlarının təhriki ilə bunu edə bilər. Qərb Türkiyəyə təzyiq edib Birinci Qarabağ savaşında olduğu kimi onun neytrallığını təmin etsə və bu barədə erməniləri məlumatlandırsa, Qərb tərəfindən silahlandırılan Ermənistan mütləq atəşkəsi pozacaq. Amma əmin olsunlar ki, başları mütləq əziləcək. Xalqımızın birliyi və Silahlı Qüvvələrimiz bunu təmin edəcək. Türkiyə isə Qərbdən tam asılı, 1990-cı illərin Türkiyəsi deyil. O növbəti dəfə alçaldılması ilə razılaşmaz.
Xəbər 2261 dəfə oxunub.