Millət vəkili Qənirə Paşayeva Türkiyənin Celal Bayar Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və gəncləri sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində daha fəal olmağa çağırıb.
Universitet rəhbərliyinin də iştirakı ilə keçən görüşdə millət vəkili Qənirə Paşayeva ilk öncə tələbələrin təhsilləri, çətinlik və problemləri ilə maraqlanıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Tələbələrə uğurlar arzulayan Qənirə Paşayeva tələbələrin oxuduqları təhsil müəssisələrində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını deyib. Azərbaycanlı tələbələrin ölkəmizi xaricdə təmsil edən nümayəndələr də olduğunu deyən millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrənməlidir ki, tariximizə sahib çıxa bilsinlər”, – deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. “Hər birinizin oxuduğunuz universitetdə Türkiyədən və müxtəlif xarici ölkələrdən dostlkarınız var və eyni zamanda sosial şəbəkələrdə çoxlu xarici dostlarıniz var. Onlarla ünsiyyətdə Azərbaycan, Qarabağ həqiqətləri barədə daim məlumatlar vermək, gerçəkləri çatdıqmaq lazımdır”, – deyən millət vəkili gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva tələbələri virtual məkanın imkanlarından geniş istifadə etməyə səsləyib və bu məkanın gücündən necə istifadə edərək daha güclü təbliğat aparma yollarından danışıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, artıq bəzi tələbələrlə və Azərbaycanlı Tələbələri cəmiyyəti rəhbərliyi ilə söhbətinin nəticəsi olaraq tələbələrin bəzi tədbirlərinin keçirilməsinə dəstək göstərilməsi və eyni zamanda bəzi imkansız tələbələrin üzləşdiyi müəyyən çətinliklərlə bağlı məsələləri Universitetin rəhbərliyi ilə yanaşı Manisa, Salihli bələdiyyəsi və valiliyi ilə görüşlərdə də müzakirə edib və ricalar edib. " Onlar da hər zaman azərbaycanlı tələbələr rahatlıqla bizə müraciət etsinlər əlimizdən gələn dəstəyi hər zaman göstərməyə hazırıq onlar bizə Azərbaycanın əmanətləridir dedilər"- deyə millət vəkili tələbələrlə söhbətində bildirib və onları daha da aktiv olmağa, bir-birinə mehriban və dəstək olmağa və ən əsası yaxşı oxumağa çağırıb. Tələbə Cəmiyyəti rəhbərliyi gördükləri işlərlə yanaşı 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik Günü və qarşıdan gələn Xocalı Soyqırımının növbəti ildünümü ilə bağlı universitetdə geniş tədbirlər hazırladıqları ilə bağlı məlmatlar verərək bu istiqamətdə millət vəkilindən müəyyən dəstək göstərilməsini xahiş ediblər. Q.Paşayeva universitetdə bu kimi tədbirlərin keçirilməsinin önəmini xüsusi vurğuayaraq əlindən gələn dəstəyi hər zaman göstərməyə hazır olduğunu bildirib. Görüşün sonunda bir sıra öyrəncilərə millət vəkili həmmüllifi olduğu “Karabağ hikayeleri” kitabını imzalı hədiyyə edib.