Millət vəkili Q.Paşayeva UNESCO-nin Baş Direktoru İ.Bokova ilə görüşdə dağıdılmış abidələrimizdən danışıb.
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Polşada keçirilən Beynəlxalq Qadın Sammiti çərçivəsində UNESCO-nun Baş direktoru İrina Bokova ilə görüşüb. Baş direktor Azərbaycanla təşkilat arasında yüksək səviyyəli əməkdaşlıq olduğunu, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdiklərini və Azərbaycanla təşkilat arasında əməkdaşlığın getdikcə daha da genişlənməsinin məmuniyyətverici olduğunu vurğulayıb. Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkə daxilində də gördüyü böyük işlərdən danışan millət vəkili Q.Paşayeva Azərbaycanın UNESCO ilə əməkdaşlığa böyük önəm verməsi, dünyada mədəniyyətlərarası dialoqun geişlənməsi istiqamətində gördüyü böyük işlərdən də danışıb. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələri, qəbirstanlıqları dağıtması barədə də danışan millət vəkili Q.Paşayeva ölkəmizin bu vandalizm aktlarına qarşı mübarizədə beynəlxalq təşkilatlardan o cümlədən UNESCO-dan daha çox dəstək gözlədiyini deyib. Fikir mübadiləsinin sonunda millət vəkili Q.Paşayeva UNESCO-nun baş direktoru İrina Bokovanı BMT baş katibliyinə namizədliyini irəli sürməsi münasibəti ilə təbrik edib. Sizin qələbəniz BMT-yə ilk dəfə bir qadının başçılıq etməsi demək olardı və bir çox yanaşmaları dəyişə bilər deyən millət vəkili Q.Paşayeva UNESCO-nun baş direktoru İrina Bokovanı Beynəlxalq Qadın Sammitinin mükafatına layiq görülməsi münasibəti ilə də təbrik edib. Təşəkkürünü bildirən İrina Bokova UNESCO-ya rəhbərliyi dövründə Azərbaycanla gözəl əməkdaşlıqdan hər zaman məmun olduğunu bildirib.