Qənirə Paşayeva: “Təhsil kreditləri haqda qanun qəbul olunmalıdır”

Qənirə Paşayeva: “Təhsil kreditləri haqda qanun qəbul olunmalıdır”

Millət vəkili Q.Paşayeva MM-də təhsil haqlarını ödəyə bilməyən gənclərin, iş tapa bilməyən əlillərin və autizmli xəstələrin problemlərini qaldırıb. 

 Millət vəkili Q.Paşayeva MM-də yaz sessiyasının gündəliyinin müzakirəsi zamanı gənclərin çağırışını səsləndirib və Təhsil kreditləri haqqında qanunun qəbuluna çağırıb. "Təhsil kreditlərinin məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır". Bunu bu gün Milli Məclisin iclasında millət vəkili Q.Paşayeva deyib. O bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər: ”Amma təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə yüksək səviyyədə öz həllini taparsa, həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Ucuz faizlərlə uzun müddətə kredit alaraq təhsilini başa vurub çalışmağa başladığında qaytarmağa başlayarlar və bu, təhsilin də, elmin də inkişafına özünün ciddi müsbət töhfələrini verə bilər. "Kəndlərdən, rayonlardan nə qədər kasıb, imkansız ailələrin istedadlı uşaqları var. Biz kənd rayonlarını təmsil edən millət vəkilləri çox yaxşı bilirik onların problemlərini. Yataqxanaların sayı az olduğundan ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumalıdır. Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edilər ki, bu bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik. Çünki bəzi ailələr övladları orta məktəbdə nə qədər yaxşı oxusalar da, bu qədər çətinliyi görüb övladlarına ali təhsil verməkdən vaz keçirlər və bu cür insanların sayının artması bizi ciddi narahat etməlidir və təhsil kreditlərinin yüksək səviyyədə öz həllini tapması da bu cür ailələrin sayının artmamasına kömək edə bilər.  Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək. Mən təklif edirəm ki, bununla bağlı qanun layihəsi müzakirəyə çıxarılsın". Boloniya prosesinə qoşulan ölkələrdə təhsil kreditlərinin geniş yayıldığını deyən millət vəkili Q.Paşayeva bildirib ki, bir müddət əvvəl hazırlanan qanun layihəsi müzakirələrə çıxarıla bilər və bu müzakirələr çox vacibdir. İmkanları aşağı, amma istedadlı gənclərin təhsil ala bilməsi üçün onlara dəstək daha da artmalıdır deyən millət vəkili Q.Paşayeva bildirib ki, özəlliklə maddi imkanları zəif ailələrin istedadlı övladlarının maddi imkanlar üzündən ali təhsildən uzaqlaşmaması üçün bu istiqamətdə davamlı addımların atılması vacibdir və o, yaz sessiyası dövründə bu məsələnin diqqətdə olmasına çağırıb.   Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Məşğulluq haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi təklifi ilə də çıxış edib. O bildirib ki, dövlət və özəl müəssisələrdə əlillərin işlə təmin olunması üçün ayrılan kvotanın artmasına böyük ehtiyac var.  Parlamentdə əlillərin işlə təminatındakı problemlərdən danışan Q.Paşayeva qanunvericiliyi yerinə yetirməyərək əlilləri işə götürməyən müəssisə, qurum və şirkətlərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsi məsələsini də qaldırdı. Bu gün Parlamentin iclasında millət vəkili Qənirə Paşayeva bildirib ki, əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi problemlər var və bu istiqamətdə qanunvericilik və icra orqanları səviyyəsində ciddi addımların atılmasına ciddi ehtiyac var. Ali təhsili olmayan əlillərlə bərabər nə qədər böyük çətinliklərlə ali təhsil alan əlillərin belə iş tapmaqda, işlə təmin olunmasında ciddi problemlər var və biz əlillərə daha çox dəstək göstərmək üçün bu istiqamətdə problemlərin sürətlə həllinə çalışmalıyıq deyən millət vəkili bildirib ki, əlillərin daha çox qayğı və diqqətə ehtiyacı var: "Çox təəssüf ki, bir sıra müəssisə, təşkilat və şirkətlər var ki, Məşğulluq haqqında qanunun əlillərlə bağlı kvotalar müddəasını lazımı şəkildə yerinə yetirmir və əlilləri işə götürməkdən imtina edirlər. Ona görə də bu qanunu yerinə yetirməyən müəssisə, təşkilat və şirkətlərə qarşı cərimələrin ciddi şəkildə artırılmasına ciddi ehtiyac var. Qanunvericiliyi bu istiqamətdə mütəmadi pozanlara qarşı cəza mexanizmləri daha sərt olmalıdır. Bizim əsas məqsədimiz o olmalıdır ki, sağlamlıq imkanı məhdud olan şəxslərin, əlillərin daha çox işlə təminatı üçün addımlar atılmalıdır. Bu sahəyə cavabdeh qurumları isə qanunvericiliyin əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərini ciddi şəkildə gücləndirməyə çağırıram." Millət vəkili Qənirə Paşayeva MM-də həmçinin  autizmli xəstələrin problemlərini qaldırıb, bu sahədə təcili olaraq qanun və proqramın qəbul olunmasına, bu uşaqların uzun sürən müalicə, təhsil, təlim və reabilitasiyası üçün ailələrə dəstək göstərilməsinə çağırıb. Ailələrin bu məsələdə kömək gözlədiyini xüsusi vurğulayan millət vəkili Q. Paşayeva  Parlamentin bu ailələrə dəstək istiqamətində addımlar atacağına inandığını deyib və yaz sessiyası dövründə bu məsələnin də diqqətdə olmasına çağırıb.
 
Aktual.az
Xəbər 654 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR