Millət vəkili Qənirə Paşayeva Qazaxıstan, İraq və Əlcəzair millət vəkilləri ilə görüşdə Xocalı Soyqırımından danışıb.
Azərbaycanın Qazaxıstan, İraq və Əlcəzairlə əlaqələrin inkişafına verdiyi önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin məmnuniyyət yaratdığını deyib. Müzakirələr zamanı millət vəkili onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqışəsi ətrafında son vəziyyətdən də danışıb. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Qazaxıstan, İraq və Əlcəzairl millət vəkillərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Qazaxıstan, İraq və Əlcəzair millət vəkilləri ölkələrinin Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyini deyərək ikitərəfli münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. Millət vəkili Qənirə Paşayeva Qazaxıstan, İraq və Əlcəzair millət vəkillərinə Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı materiallar da hədiyyə edib.