Qənirə Paşayeva MM-in yaz sessiyasının açılışında bir sıra vacib təkliflərlə çıxış edib

Qənirə Paşayeva MM-in yaz sessiyasının açılışında bir sıra vacib təkliflərlə çıxış edib

Millət vəkili Qənirə Paşayeva MM-in bu gün keçirilən plenar iclasında işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı qanunun qəbul edilməsinə çağırıb: "İşğal olunmuş ərazilər haqqında" qanun layihəsinin qəbul olunmasına ciddi ehtiyac var. Çünki Azərbaycanın işğal olunmuş ərazilərinə etirazlarımıza baxmayaraq, hələ də qanunsuz səfərlər edilir, Azərbaycandan icazə alınmır. Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərinə Azərbaycan dövlətinin icazəsi olmadan səfər edənlərin Xarici işlər nazirliyi tərəfindən "arzuolunmaz şəxslər" siyahısına salınma kimi tədbirlərin görülməsinə baxmayaraq, işğal olunmuş ərazilərə səfər edənlərin sayı azalmır, tam əksinə artır. Eyni zamanda Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımıza qeyri-qanuni olaraq xarici şirkətlər dəvət edilir, qeyri-qanuni fəaliyyət göstərən şirkətlərin sayı da artır. Bütün bunları nəzərə alaraq işğal olunmuş ərazilər haqqında qanun layihəsi bu qeyri-qanuni səfərlərin, fəaliyyətlərin qarşısının alınması istiqamətində işlərə öz töhfəsini verə bilər. Ona görə bu qanun layihəsini yaz sessiyası çərçivəsində müzakirələrə çıxarılması vacib addım olardı".

Millət vəkili Q.Paşayeva eyni zamanda son zamanlar Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məşğulluq proqramı çərçivəsində gördüyü müsbət dəyişiklikləri dəstəklədiyini bildirib və "inanırıq ki, məşğulluq proqramının həyata keçirlməsi zamanı əlillərə xüsusi diqqət ayrılacaq” deyib. Millət vəkili Q.Paşayeva çıxışında əlillərin məşğulluğu məsələsinə də toxunub: "Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqamətində ciddi dönüş yaratmaq üçün hesab edirəm ki, qanunun qurumlar tərəfindən icrasını təmin etmək üçün mexanizmləri sərtləşdirməliyik, qanunlara müəyyən əlavə və dəyişikliklər etmək lazımdır. Əlillər üçün ayrılmış kvotalarda onları işlə təmin etməyən müəssisə və qurumlara qarşı qanunlarda əlavə və dəyişikliklər etməklə sərt tədbirlərin - cərimə, cəza və məsuliyyət mexanizmlərinin gücləndirilməsi vacibdir. AŞPA-nın qış sessiyasında Avropa Şurası üzv dövlətləri məkanında əlillərin işlə təminatı məsələsi xüsusi müzakirə olunub və üzv ölkələrə çağırışlar edilib. Nəzərə alsaq ki, ölkəmizdə əlillərin sayının artmasında ərazi bütövlüyümüz uğrunda sağlamlığını itirmiş Qarabağ əlillərinin, köçkünlük həyatının ağırlığı nəticəsində sağlamlığını itirmiş insanlarımızın sayı ciddi rol oynayır, onlar da daxil olmaqla əlillərin işlə təminatı bizim üçün vacib məsələdir və bu məsələ ilə bağlı qanunvericilik bazanın daha da gücləndirilməsi, qəbul edilən qərarların yerinə yetirilmə mexanizminin sərtləşdirilməsi vacibdir."

Millət vəkili Q.Paşayeva qəbul edilən qanunların icrasına nəzarətin gücləndirilməsi məsələsinin vacibliyini xüsusi vurğulayıb. Millət vəkili bir sıra qanunların cəmiyyətə çatdırılması və yüksək səviyyədə yerinə yetirilməsi üçün əhalinin maarifləndirilməsi tədbirlərinin artmasını xüsusi vurğulayıb: "Bəzi qanunlar var ki, onların özündə maarifləndirmə işinə geniş yer verilməsi öz əksini tapıb, lakin təəssüf ki qanunla nəzərdə tutulan maarifləndirmə işlərinin həyata keçməsi zəifdir. Ona görə də hesab edirəm ki, MM-də KİV rəhbərlərinin iştirakı ilə maarifləndirmə tədbirlərinin genişləndirilməsi məqsədilə dinləmələrin, müzakirələrin keçirilməsi vacib olar."

Millət vəkili Q.Paşayeva onlayn media haqqında qanunun qəbul edilməsinin vacibliyini qeyd edib . O bildirib ki, bu qanun həm informasiya təhlükəsizliyi məsələsinə, həm də informasiya müharibəsindəki gücümüzün artmasına öz töhfəsini verə bilər.

Millət vəkili Q.Paşayeva Gürcüstanda erməni terrorçusuna abidə qoyulmasının nəinki Gürsüstanda yaşayan soydaşlarımızın, habelə dünyada yaşayan bütün azərbaycanlıların etirazına səbəb olduğunu deyib: "Biz hamımız Gürcüstanda baş verən bu təxribata öz etirazımızı bildiririk. Eyni zamanda hesab edirik ki, Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə Qarabağda ərazi bütövlüyümüz uğrunda şəhid olmuş Gürcüstan kökənli azərbaycanlılara abidələrin ucaldılması üçün işlər görülməlidir."

 

https://www.youtube.com/watch?v=nG2HEkxYXLQ&feature=youtu.be
Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR