Qənirə Paşayeva MM-də Çernobıl əlillərinin problemlərindən danışıb

Qənirə Paşayeva MM-də Çernobıl əlillərinin problemlərindən danışıb

Millət vəkili Qənirə Paşayeva MM-də Çernobıl əlillərini narahat edən bəzi məsələləri qaldırıb və dəstək göstərilməsinə çağırıb

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisin iclasında Çernobıl əlillərini narahat edən bəzi məsələləri qaldırıb və onların həlli üçüm addım atmağa çağırıb: "Bir neçə gün əvvəl Çernobıl faciəsinin 31-ci ili tamam oldu. Avropa və bütün dünya üçün böyük bir faciə olan Çernobıl qəzasının aradan qaldırılması üçün 7 mindən çox azərbaycanlı iştirak etmişdi. Onların hamısı ağır şüalanmaya məruz qaldı, bəziləri bunun nəticəsində qısa zaman ərzində dünyasını dəyişdilər. Çernobıl əlilləri və onların həmin hadisədən sonra  dünyaya gələn övladları ağır şüalanmanın nəticələrini öz sağlamlığında hiss etdilər və bu gündə müalicələr almaqda davam edirlər. Bu gün təxminən 4950-dən çox Çernobıl əlili qeydiyyatdadır, bir neçə gün əvvəl Çernobıl faciəsinin 31 illiyi ilə bağlı Çernobıl əlilləri cəmiyyətinin üzvləri görüşüm zamanı onlar üzləşdikləri bəzi çətinliklərin və problemlərin həllində Milli Məclisdən dəstək gözlədiklərini dedilər. Bu gün 600-dən çox Çernobıl əlili ev növbəsindədir. Elə əlillər vardır ki, onlar 20-25 ildən çoxdur ki növbədədir və dövlət tərəfindən veriləcək mənzilə böyük ehtiyacları var. Bir az əvvəl vurğuladığım kimi Çernobıl əlilləri şüalanmaya məruz qaldığı üçün bir çoxlarının sağlamlığında ciddi problemlər var. Əgər imtiyazlı ev növbəsində duran Çernobıl əlili vəfat edərsə, onun ailəsi bu imtiyazdan yararlana bilmir, daha doğrusu bu imtiyaz onlara şamil edilmir. Bu isə illərlə ev növbəsində gözləyən və böyük ehtiyacı olan ailə üçün çox böyük bir problemdir. Əvvəllər bu problemlə Qarabağ müharibəsi əlilləri də üzləşirdi və bu ədalətsiz yanaşma qanunvericiliyə edilən dəyişikliklə ardan qaldırıldı və bu gün imtiyazlı ev növbəsində olan Qarabağ müharibəsi əlili dünyasını dəyişərsə, onun ailəsi imtiyazı itirmir və imtiyazlı ev növbəsindən yaralana bilir ki, bu da dövlətimizin Qarabağ müharibəsi əlillərinə və ailəsinə dəstəyinin bir örnəyidir. Çernobıl əlilləri də xahiş edirlər ki, qanunvericilikdə onlarla da bağlı dəyişiklik olunsun və imtiyazlı ev növbəsində olan Çernobıl əlili dünyasını dəyişdiyi zaman, onun ailəsi imtiyazlı ev növbəsini itirməsin və ondan yararlana bilsin. Çernobıl əlillərinin yaşadığı acıları nəzərə alaraq Milli Məclisimizi bu məsələyə baxmağa və problemin həlli istiqamətində addımlar atmağa çağırıram. Bu addım dövlətimizin  Çernobıl əlillərinə daima göstərilən diqqəti bir daha vurğulamış olar. Ümid edirəm ki, Çernobıl əlillərinin bu xahişi qısa zamanda öz həllini tapacaq."
 
Aktual.az
Xəbər 248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR