Millət vəkili Q.Paşayeva Milli Məclisi Almaniya Bundestaqına etiraz müraciəti göndərməyə çağırıb
Millət vəkili Q. Paşayeva bu gün MM-in iclasında iyunun 2-də Almaniya Parlamentində qondarma erməni soyqırımı ilə bağlı nəzərdə tutulan müzakirə və səsvermə barədə çıxış edərək ona etirazını bildirib və MM-in Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu tərəfindən Almaniya Bundestaqına, Almaniya parlamentində fəaliyyət göstərən Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupuna bunun doğru olmamasını özündə əks etdirən etiraz müraciətinin göndərilməsini təklif edib. Millət vəkili Q. Paşayeva deyib ki, MM-in Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu tərəfindən verilən müraciətində Almaniya parlamentinin qondarma erməni soyqırımı yalanlarını müzakirəyə və səsverməyə çıxarmaqla bu yalanları dəstəkləməsinin böyük təəssüf və narahatlıq doğurması öz əksini tapmalıdır. Eyni zamanda vurğulanmalıdır ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun üzvü olan Almaniyanın neytral, obyektiv mövqe sərgiləyəcəyinə böyük zərbədir və Almaniya parlamentinin üzvləri qondarma erməni soyqırımı yalanlarını dəstəkləməməlidir:"Mən təklif edirəm ki, Azərbaycan -Almaniya parlamentlərarası dostluq qrupunun üzvləri almaniyalı həmkarlarına müraciət edərək bu prosesin qarşısını almağa çağırmalıdır. Müraciətdə bildirilməlidir ki, Almaniya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılan ATƏT Minsk qrupunun üzvlərindən biridir və belə bir qərarın Bundestaqında qəbul edilməsi bu ölkənin münaqişənin həllindəki mövqeyinə zərbə vuracaq. Və ona görə də belə bir qərarın qəbul olunmasının qarşısı alınmalıdır."