Millət vəkili Q.Paşayeva Cənubi Afrika rəsmiləri ilə Qarabağdan danışıb.
Millət vəkili Qənirə Paşayeva Cənubi Afrikanın Kiçik Biznesin İnkişafı nazirinin müavini Elizabet Thabethenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Cənubi Afrika ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Müzakirələr zamanı millət vəkili onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Q.Paşayeva Cənubi Afrikanın Kiçik Biznesin İnkişafı nazirinin müavini Elizabet Thabethenin başçılıq etdiyi nümayəndə heyətinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları,1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili nümayəndə heyətinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən materialları, “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da təqdim edib. İki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən Cənubi Afrikanın Kiçik Biznesin İnkişafı nazirinin müavini Elizabet Thabethen ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini vurğulayıb və geniş fikir mübadiləsi aparılıb.