Millət vəkili Q.Paşayeva AŞPA-da Avropanın köçkünlərlə bağlı siyasətini kəskin tənqid edib və AŞPA-nı Suriya və İraqdan köçkün düşmüş insanlarla bağlı Türkiyəyə dəstəyə çağırıb.
Bu gün AŞPA-nın yay sessiyasının ilk günündə Avropa Liberal Qrupda Suriya və İraqdan köçkün düşmüş insanlarla bağlı müzakirələr zamanı çıxış edən millət vəkili Q. Paşayeva təxminən 1 ay əvvəl Adıyaman, Hatay, Qazantəpdə Suriya və İraqdan köçkün düşmüş insanlarla, o cümlədən köçkün türkmənlərlə görüşdüyünü deyərək onların sizə çağırışını səsləndirmək istəyirəm deyib: “Türkiyə onlar üçün bir ümid, bir xilas qapısıdır. Avropa və Avropa Şurası, onun Parlament Assambleyası, bütün Avropa və digər beynəlxalq təşkilatlar dünyada ən çox köçkünün sığındığı ölkə olan Türkiyəyə daha çox dəstək olmalıdır və biz Assambleyanı buna çağırırıq və çağırmalıyıq. Biz eyni zamanda bütün Avropa qurumlarını və beynəlxalq təşkilatlara Avropa Liberal Qrupu adından bu çağırışı etməliyik. Çünki köçkünlər məsələsində Avropanın Türkiyəni maddi və mənəvi anlamda yalnız buraxdığını görürük. Türkiyənin böyük xərcləri yanında beynəlxalq ictimaiyyətin, Avropanın yardımı çox azdır və Avropa dəstəyini artırmalıdır”.
Millət vəkili Qənirə Paşayeva Suriya və İraqdan köçkün insanlar, o cümlədən köçkün türkmənlərin yaşadıqları faciələr, milyonlarla insanın köçkün düşməsi, onların üzləşdiyi problemlərdən danışaraq Avropanın onlara laqeyid münasibətini tənqid edib və AŞPA-nı, Avropa qurumlarını və üzv ölkələri onlara daha çox yardım göstərməyə və evlərindən köçkün salan səbəblərlə daha sərt mübarizəyə çağırıb:"Onlar sizdən dəstək gözləyirlər.İnsanları köçkün salan səbəblərlə mübarizə aparmadan ortaya çıxan ağır vəziyyəti, faciələri önləmək mümkün deyil. Bu səbəblərlə mübarizə sərt olmalıdır. Mən Avropa Şurasını, AŞPA-nı, bütün üzv ölkələri köçkünlərə yardım etməklə yanaşı onları köçkün salan səbəblərlə daha ciddi mübarizəyə, onların öz evlərinə dönə bilməsi istiqamətində də daha çox dəstək göstərməyə, daha fəal çalışmağa çağırıram. Öz evlərindən köçkün düşmüş insanlar Avropanı onları köçkün salan səbəblərlə daha fəal və sərt mübarizəyə çağırır. Səbəblərlə mübarizə güclənməzsə, köçkünlərin sayı azalmayacaq əksinə, daha da artacaq və problemlər də daha da gərginləşəcək. Biz bütün Avropa qurumları da daxil olmaqla beynəlxalq təşkilatlara Avropa Liberal Qrupu adından bu istiqamətdə müraciət səsləndirməli, çağırış etməliyik və onları insanları köçkün salan səbəblərlə daha sərt mübarizəyə çağırmalıyıq"