Prezidentin Qarabağa hər səfəri xüsusi mesajlarla yadda qalır - Deputat

Prezidentin Qarabağa hər səfəri xüsusi mesajlarla yadda qalır - Deputat

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan və Cəbrayıla səfəri olduqca ciddi əhəmiyyətə malikdir.

İlk öncə ona görə ki, həmin torpaqlar işğaldan məhz müzəffər Ali Baş Komandanımızın öz rəhbərliyi altında azad olunub. Digər əsas faktorlardan biri budur ki, artıq Qarabağda yeni infrastrukturların yaradılması dövrü başlayıb və çox tezliklə illərdir öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız əzəli torpaqlarına tam şəkildə geri qayıdacaqlar. Başqa bir nüans isə odur ki, cənab Prezidentin Qarabağ bölgəsinə hər səfəri xüsusi mesajlarla yadda qalır və insanlar üçün də bu məqam olduqca əhəmiyyətli bir stimul, güc, ümid, gələcəyə inam deməkdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat xatırladıb ki, Cəbrayılın girişində əvvəllər mövcud olmuş tarixi sütun, Cəbrayıla girişi ehtiva edən lövhə yenidən eyni dizaynla bərpa edilib və cənab Prezident həmin tikilinin açılış mərasimində şəxsən iştirak etdi:

"İllər sonra həmin nöqtədə yenidən Azərbaycan dilində qarşılanma mesajı, cümləsi gördük.

Eyni zamanda cənab Prezident Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən ilk "Ağıllı kənd” layihəsinin təməlini qoydu və həmin vaxt dövlət başçısı ilə kənd əhalisi arasında çox səmimi və maraqlı dialoq oldu. İlham Əliyev öz söhbətlərində, söylədiyi fikirlərdə bir daha bildirdi ki, bu hələ ilkdir, daha böyük inkişaf mərhələsi qarşıdadır və yaxın vaxtlarda məlum layihə doğma Qarabağın digər bölgələrində də həyata keçiriləcək.

Möhtərəm Prezident Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında da çox önəmli mesajlar verdi. Həmin mesajlardan birini sitat formasında qeyd etmək istəyirəm: "Əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq”.

Bütün bu görüntülər yekun olaraq bilirsinizmi nədən xəbər verir? – Azərbaycan etibarlı əllərdədir! Cənab Prezident məhz öz əzmi və cəsarəti ilə bizə bu günləri bəxş edib. Daha dəqiq söyləsəm, Azərbaycanın qələbəsi möhtərəm Prezidentin yürütdüyü məqsədyönlü siyasət nəticəsində mümkün olub. Bizi qalib edən sərkərdə, cənab İlham Əliyev müharibədən öncəki bütün çıxışlarında, söylədiyi bütün nitqlərdə deyirdi ki, biz doğma Qarabağa qayıdacayıq. O, hər zaman olduğu kimi yenə sözünü tutdu və vədinə əməl etdi. Bizi Zəngilanlı, Cəbrayıllı, Şuşalı və bütövlükdə Qarabağlı günlərə qaytardı. Ərazi bütövlüyümüzü bərpa etdi və bu gün böyük xilaskarın özü artıq mesajlarını Qarabağdan ünvanlayır, dəyərli fikirlərini əzəli torpaqlarımızda söyləyir, gələcəklə bağlı planlarını, tövsiyyələrini doğma Qarabağımızdan elan edir”.
Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR