Prezidentə təbriklər davam edir

Prezidentə təbriklər davam edir

Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Aktual.az təbrikin mətnini təqdim edir:
Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu münasibətlə ən xoş arzularımı qəbul edin.
Qardaş Azərbaycanın ali dövlət vəzifəsinə yenidən seçilməyiniz Azərbaycan cəmiyyətinin Sizə olan yüksək etimadının daha bir inamlı təsdiqidir və ölkənin ardıcıl sosial-iqtisadi inkişafına, həmçinin dövlətinizin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strateji kursunuzun xalqınız tərəfindən geniş şəkildə dəstəklənməsinin göstəricisidir.
Sizin Tacikistan-Azərbaycan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və dərinləşməsinə sanballı şəxsi töhfənizi vurğulayaraq bu əlaqələrin gələcəkdə də hərtərəfli inkişafına marağımızı ifadə edirəm.
Əminəm ki, biz gələcəkdə də birgə səylərlə iki ölkənin çoxplanlı qarşılıqlı münasibətlərini inkişaf etdirəcəyik, xalqlarımızın rifahı naminə bu əməkdaşlığı yeni praktiki məzmunla zənginləşdirəcəyik.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və təşəbbüslərinizin reallaşdırılmasında yeni böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram.
***
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
N.Maduro bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Azərbaycan xalqını və onun yenidən seçilmiş Prezident İlham Əliyevi təbrik edirəm. Liderliyiniz, müdrikliyiniz və humanistliyiniz sayəsində nəcib xalqınızı inkişaf və tərəqqi yolunda irəliyə aparmaqda davam edəcəksiniz. Daha yeni zirvələrə doğru irəli! Yaşasın Azərbaycan!”.
***
Fevralın 8-də Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qazaxıstanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin hərtərəfli inkişafı və tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıb. Kasım-Jomart Tokayev dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazanması və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinin önəmini qeyd edib.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Qazaxıstan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
***
Fevralın 8-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qırğızıstan Prezidenti İlham Əliyevə prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. Sadır Japarov dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının önəmini bir daha qeyd edərək, ölkəmizdə sürətli inkişaf proseslərinin getdiyini və beynəlxalq mövqelərinin daha da gücləndiyini vurğulayıb.
Qırğızıstanın dövlət başçısı ikitərəfli münasibətlərimizin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu ehtiramla qeyd edib.
Sadır Japarov Prezident İlham Əliyevə Azərbaycanın tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı Azərbaycan və Qırğızıstan prezidentləri ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqərimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR