Prezident özələşmənin davamını Əmlak Komitəsinə etibar etmədi... - Fikrət Yusifov

Prezident özələşmənin davamını Əmlak Komitəsinə etibar etmədi...  - Fikrət Yusifov

Son 10 ildən artıq vaxt ərzində aparılmış  özəlləşmə Azərbaycan iqtisadiyyatına gözlənilən səmərəni verə bilmədi. Elə bu səbəbdəndir ki, cari ilin may ayının 19-da Prezident Dövlət əmlakının özəlləşdirilməsi prossesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Fərman imzaladı. Heç şübhə yoxdur ki, ölkə başçısının bu Fərmanı, onun Dövlət Əmlak Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi sahəsində indiyə qədər olan fəaliyyətinə verdiyi qiymət idi.

Fərmanla praktik olaraq Dövlət Əmlak Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi sahəsindəki fəaliyyəti  dayandırıldı. Buna səbəb nədir? Nə üçün dövlət başçısı bundan sonra dövlət əmlakının özəlləşdirilməsi işini bu Komitəyə etibar etmək istəmədi?  Çünkü hökumət dövlət əmlakının özəlləşdirilməsinin iqtisadiyyata ciddi töhvələr verəcəyini gözləyirdi – bu isə baş vermədi, Dövlət Əmlak Komitəsi bu gözləntiləri döğrulda bilmədi. Komitə tərəfindən illər öncə özəlləşdirilən əksər dövlət müəssisələrinin fəaliyyəti bu gün yox dərəcəsindədir. Çünkü Əmlak Komitəsi bu obyektləri özəlləşdirərkən onların sonrakı taleyinin necə olacağının fərqində olmayıb. Elə bu səbəbdəndir ki, hazırda ölkənin müxtəlif bölgələrində özəlləşdirildikdən sonra qapılarına qıfıl vurulmuş onlarla müəssisələrə rast gəlmək mümkündür. Bəs əslində özəlləşdirmə necə aparılmalı idi? Əslində özəlləşdirmə ilk növbədə bu müəssisələrin müəyyən müddətdən sonra yenidən qurularaq fəaliyyətə başlamasını nəzərdə tutmalı idi. Belə olduğu tədqirdə, bir müddətdən sonra fəaliyyətə başlayacaq müəssisələr ölkə iqtisadiyyatına kifayət qədər töhvə verə bilərdi. Ona görə də belə müəssisələri özəlləşdirərkən ilk növbədə onların alıcıları ilə özəlləşdirilən  müəssisələrin fəaliyyətini təmin edən şərtləri nəzərdə tutan konkret müqavilələr imzalanmalı idi. Müqavilələrin tələblərini yerinə yetirməyən, əmlakın yeni sahiblərinə qarşı isə ciddi sanksiyalar - hətta əmlakın alışı üçün ödənilmiş məbləği geri qaytarmadan, onun təkrar özəlləşdirilməyə çıxarılaraq, başqasına satılması kimi sərt şərtlər müəyyənləşdirilməli idi.  Lakin təssüflər olsun ki, dövlət əmlakının özəlləşdirilməsinə və bu zaman ilk növbədə dövlətin hərtərəfli maraqlarını təmin etməyə məsul olan Dövlət Əmlak Komitəsi, son illər  öz fəaliyyətində bu kimi ciddi maraqları qapı arxasında qoydu. Bir sözlə, Komitə və onun rəhbərliyi dövlət əmlakının özəlləşdirilməsində dövlətin maraqlarını lazımınca qorumağa borclu olduğu halda, bu borcu “tamamilə yaddan çıxarıb”, dövlətə məxsus müəssisələri “qalıq dəyəri” ilə onların real bazar dəyərindən dəfələrlə aşağı qiymətə reallaşdırmaqla  həm də dövlət büdcəsinə ciddi zərbə vurdu. Təbii ki, belə davam edə bilməzdi.  Komitə rəhbərliyi belə yarıtmaz fəaliyyətin cavabını bir gün Prezidentin imzaladığı bu etimadsızlıq Fərmanı ilə almalı idi.

Dövlət Əmlak Komitəsinin dövlət əmlakını özəlləşdirərkən yol verdiyi ciddi qanun pozuntuları ilə bağlı araşdırmalarımız davam edir. Növbəti açıqlamalarımızda Komitənin dövlət əmlakını özəlləşdirərkən yol verdiyi ağılasığmaz pozuntulardan bəhs edəcəyik.

Fikrət Yusifov 

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar 

Birliyinin sədri, iqtisad elmləri doktoru, professor

Xəbər 3298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR