Prezident İlham Əliyev: "Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir"

Prezident İlham Əliyev:

Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Hörmətli deputatlar. Hörmətli qonaqlar. Xanımlar və cənablar. Mən sizin hamınızı Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Bizim tədbirlərdə iştirak edən bütün xarici qonaqları salamlayıram, onlara "Xoş gəlmisiniz!" deyirəm.
Biz bu gün parlamentin 100 illiyini qeyd edirik. Yüz il bundan əvvəl, əlbəttə, Azərbaycan parlamenti öz funksiyalarını tam şəkildə icra edə bilmirdi. Biz, əlbəttə, müstəqil dövlət idik, ancaq onu da hamımız bilməliyik ki, 1918-1920-ci illərdə müstəqilliyimiz tam deyildi. Azərbaycan çox zəif bir ölkə idi. Azərbaycan müstəqil həyatda ilk addımlarını atırdı. Ölkə daxilində kifayət qədər çox problemlər var idi. Deyə bilərəm ki, hökumət ölkə ərazisinə tam nəzarət edə bilmirdi. Deyə bilmərəm ki, biz o vaxt beynəlxalq təcriddən tam çıxa bilmişdik. Bizi qəbul etməyənlər də var idi. Biz tarixi yaxşı bilirik. Bu gün isə Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir. Bu gün Azərbaycan tam müstəqil siyasət aparır. Qeyd etdiyim bütün məsələlər - istər xarici siyasətlə, daxili siyasətlə, iqtisadiyyatla bağlı olan bütün nailiyyətlər bu məqsədə xidmət göstərir ki, bizim müstəqilliyimiz daha da möhkəmlənsin. Müstəqilik təkcə dövlət atributları deyil. Sən müstəqil siyasət apara bilirsən, yoxsa yox? Bunu uğurla apara bilirsən, yoxsa yox? Bu müstəqil siyasət sənə xeyir gətirir, yoxsa yox? Bax, bu suallara cavab verdikdə əminliklə deyə bilərik ki, bu gün tam şəkildə müstəqil siyasət aparan Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edir. Azərbaycan parlamentinin bu işlərdə önəmli rolu var.
Əziz dostlar, deputatlar, sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram. Sağ olun.
 
Aktual.az
Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR