Ukrayna prezidenti Pyotr Poroşenko guya Rusiya və qondarma "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" ilə əməkdaşlıq edən 4 min jurnalistin adlarının olduğu siyahının "Mirotvorets" saytında dərc edilməsini böyük səhv hesab edir.
Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Pyotr Poroşenko bu gün Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
Ukrayna prezidenti deyib: "Mən "Mirotvorets" saytında 4 mindən çox jurnalistin adının dərcini qınayıram. Mənə verilən məlumata görə, bu jurnalistlərdən bəziləri Ukrayna barədə mənfi şərh və ya məqalə hazırlayıb... Mən prezident kimi bu jurnalistlərin Ukraynada təhlükəsizliyinə zəmanət verirəm. Ukraynaya leqal yollarla gələn və demarkasiya xəttini keçərək işğal olunmuş ərazilərə gedən jurnalistlərin bu ərazilərdə olması mexanizminin təkmilləşdirilməsi lazımdır... Bizim müstəqil saytda məlumat dərc edilməsinə cavab vermək, bu məlumatın saytdan çıxarılmasına nail olmaq vasitələrimiz çox məhduddur. Bir daha deyirəm ki, həmin siyahının dərcini böyük səhv hesab edirəm. Bu, həm də Ukrayna hökumətinin mövqeyidir".