Peyvəndləmə tədbirlərinə başlanıldı

Peyvəndləmə tədbirlərinə başlanıldı

Bruselyoz xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirlərinə start verilib.

Aktual.az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən anspress-ə verilən məlumata görə, may ayının 9-dan ölkə üzrə xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirinə başlayacaq. Heyvanlar Ümumdünya Heyvan Sağlamlığı təşkilatının (ÜDHST və ya BEB) tövsiyələrinə əsasən, dünya praktikasında istifadə olunan "Rev-1" göz damcıs vaksini ilə peyvənd olunacaq.

Ölkəmizdə bruselyoz xəstəliyinə qarşı aparılan vaksinasiyanın məqsədi xəstəliyin heyvanlar və insanlar arasında minimuma endirilərək gələcəkdə ləğv edilməsinə nail olmaqdır.

Bruselyoz xəstəliyinə qarşı tətbiq olunan "Rev-1" vaksini inyeksiya və göz damcısı formasında istehsal edilir. "Rev-1" göz damcısı üsulu ilə peyvəndləmə heyvanlarda bruselyoz xəstəliyinə qarşı 4-5 il müddətinə immunitet yaradır. Vaksin yalnız 3-8 aylıq dişi cavanlara və boğaz olmayan yaşlı ana qoyun və şişəklərə tətbiq olunmalıdır.   

Dövlət Baytarlıq Nəzarəti Xidməti hazırlanmış tədbirlər planına uyğun olaraq xırdabuynuzlu heyvanlar arasında peyvəndləmənin mütəşəkkil səviyyədə həyata keçirilməsi üçün əməkdaşlarını bölgələrə ezam edib. Xidmətin əməkdaşları yerlərdə vaksinlərin heyvanlara vurulması üçün baytarlıq mütəxəssislərinə təlimlər keçib, vaksinin tətbiq qaydaları onlara ətraflı izah edilib. Rayon (şəhər) baytarlıq idarələri və sahə baytarlıq məntəqələri "Rev-1" vaksini, biotəhlükəsizlik vasitələri və dezinfeksiya maddələri ilə tam təmin olunub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tövsiyə edir ki, sahibkarlar xırdabuynuzlu heyvanlar arasında "Rev-1" göz damcısı vaksini ilə peyvəndləmənin aparılması üçün yerli baytarlıq mütəxəssislərinə lazımi şərait yaratsınlar və bütün xırdabuynuzlu heyvanlarını vaksinasiyaya cəlb etsinlər.

Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR