“Paşinyanı Dəmirçiyanın aqibəti gözləyə bilər”

“Paşinyanı Dəmirçiyanın aqibəti gözləyə bilər”

"Bu bir həqiqətdir ki, Ermənistan prezidentləri olmuş Köçəryan və Sarkisyan Qarabağ döyüşlərində səhra komandirləri olublar. Azərbaycan torpaqlarının işğal olunmasında, vətəndaşlarımızın qətlə yetirilməsində bu iki şəxsin "böyük xidmətləri” olub. Məhz bu amillərə görə Rusiya hər iki şəxsi Ermənistanda hakimiyyət başına gətirdi”.


Bu fikirləri Azadinform-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib. N. Orduxanlı qeyd edib ki, Ermənistanı dövlət kimi Rusiya yaradıb: "Bunu bütün dünya bilir. Azərbaycan torpaqlarında tarixdə heç zaman olmayan Ermənistan adlı dövləti ona görə yaradıblar ki, Rusiya Qafqazda öz maraqlarını təmin etsin. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti qurulanda Rusiya o zamankı Azərbaycan rəhbərliyinin qarşısına şərt qoymuşdu ki, qədim Azərbaycan torpağı olan İrəvan ermənilərə verilsin. Tarixi şəraitdən, o zaman buna razılıq verildi. Bu və digər faktlara görə düşünürəm ki, bu gün Ermənistanda hakimiyyətdə olan istənilən siyasi rejim Rusiyanın iradəsindən kənar bir addım belə ata bilməz. Şahid olduq ki, Paşinyan hakimiyyətə gələn kimi Köçəryanın həbsinə qərar verdi. Ancaq bir neçə gün keçmədi ki, Rusiyanın təsiri ilə Köçəryan azadlığa çıxdı. Bu, bir daha göstərdi ki, Rusiya istədiyi məqamda Ermənistana təsir edə bilir”. N. Orduxanlı deyib ki, Paşinyan Ermənistanın yaxın tarixində "Dəmirçiyan nümunəsi” olduğunu bilir: "Dəmirçiyan Rusiyadan xəbərsiz Azərbaycan rəhbərliyi ilə, mərhum Heydər Əliyevlə danışıqlar aparırdı. Bundan xəbər tutan Rusiya dərhal, günün günorta çağı Dəmirçiyanı parlamentin binasında qətlə yetirdi. Hətta bir neçə deputat da öldürdülər ki, bu məsələ ömürlük ermənilərə dərs olsun, bilsinlər ki, Rusiyadan kənar aparılan danışıqlar bu cür məhvlərə gətirib çıxardır. Bunu Paşinyan da çox yaxşı bilir. Köçəryan –Paşinyan qarşıdurmasına gəlincə isə bu, onlar arasında olan ədavətlə bağlıdır. Vaxtilə Köçəryan Paşinyanı həbsə atdırmışdı, xeyli vaxt həbsdə qalmasını təşkil etmişdi. İndi də Paşinyan bunun qisasını almaq istəyir. Ancaq bir daha qeyd etmək istəyirəm ki, Rusiya bu qarşıdurmanın dərinləşməsinə imkan verməz. Köçəryanın arxasında Rusiya dayanır. Paşinyanın hakimiyyətdə uzun müddət qalacağı inandırıcı görünmür. Görünür, Rusiya Ermənistanı 1993-cü ildəki Azərbaycan vəziyyətinə salmaq istəyir. Məncə, bütün proseslər ona doğru gedir”.

 
Aktual.az
Xəbər 1087 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR