Ombudsman beynəlxalq təşkilatlara çağırış etdi – Bəyanat

Ombudsman beynəlxalq təşkilatlara çağırış etdi – Bəyanat

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixi yaddaşında milli birliyin, həmrəyliyin və Vətənə sədaqətin təcəssümü kimi xüsusi yer tutur. Bu əlamətdar gün xalqımızın öz dövlətçiliyinə, dəyərlərinə və ərazi bütövlüyünə bağlılığını nümayiş etdirən, gələcək nəsillər üçün mühüm tarixi və mənəvi əhəmiyyət daşıyan qürur mənbəyidir.

2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazilərində hərbi əməliyyatlara başlaması nəticəsində mülki əhalinin həyatı və təhlükəsizliyi üçün ciddi təhdidlər yaranmış, yaşayış məntəqələri, mülki infrastruktur və sosial obyektlər zərər görmüşdür. Azərbaycan Respublikası beynəlxalq hüquqla təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək ərazilərinin işğaldan azad olunması və əhalisinin təhlükəsizliyinin təmin olunması istiqamətində əks-hücum əməliyyatları həyata keçirmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi nəticəsində 44 gün davam edən Vətən müharibəsi tarixi Zəfərlə başa çatmış, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə edilmişdir.
Bu Qələbə ədalətin təcəssümü ilə bərabər, keçmiş məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası, mülki əhalinin həyat və təhlükəsizliyinin təmini, uzun illər müddəaları yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrası baxımından mühüm nəticələr doğurdu.

Postmüharibə dövründə sülh və əmin-amanlıq üçün təhlükə yaradan işğalçı və separatçı qüvvələrin təxribatlarının qarşısının alınması ilə bölgədə təhlükəsizlik təmin edilmiş, insan hüquq və azadlıqlarının qorunması məqsədilə 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatından sonra ölkəmizin suverenliyinin tam təmin olunması ilə dövlətçilik tariximizin yeni mərhələsi başlanmışdır.

Ötən ilin avqust ayında Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton şəhərində görüşü zamanı "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması regionda sülh gündəliyinin irəli aparılması, qonşuluq münasibətlərinin formalaşdırılması və xalqların dinc yaşaması üçün yeni perspektivlər yaratmışdır.

Əldə olunmuş müsbət nəticələrə baxmayaraq, müharibə dövründə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının davam etdirilməsi, eləcə də işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, işğal dövründə regionun ekoloji sisteminə, təbii sərvətlərinə, flora və faunasına vurulmuş ağır ziyan nəticəsində baş verən fəsadların aradan qaldırılması kimi mühüm humanitar məsələlər öz həllini gözləyir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq beynəlxalq təşkilatları, ombudsman və milli insan hüquqları təsisatlarını müharibənin humanitar nəticələrinin aradan qaldırılması, itkin düşmüş şəxslərlə bağlı məsələlərin həllinə dəstək göstərilməsi, mina təhlükəsinə qarşı mübarizə və dayanıqlı sülhün təşviqi istiqamətində səylərini davam etdirməyə çağırıram.

Zəfər Gününün altıncı ildönümündə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ölkəmizə və regionumuza davamlı sülh, təhlükəsizlik, əmin-amanlıq və firavan gələcək arzulayıram.

Səbinə Əliyeva

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)

6 noyabr 2026-cı il

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Xəbər 70 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR