Neft Fondu 4,3 milyard dollar xərcləyib – CƏDVƏL

Neft Fondu 4,3 milyard dollar xərcləyib – CƏDVƏL

Dövlət Neft Fondu (DNF) dövlət büdcəsi qarşısındakı öhdəliklərini icra etmək üçün 2016-cı ilin ilk 10 ayında 4333,8 milyon dollar xərcləyib. Bu vəsait Azərbaycan Mərkəzi Bankının (AMB) təşkil etdiyi valyuta hərraclarında banklara satılıb.

Aktual.az xəbər verir ki, bu barədə Fonddan fins.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsində Neft Fondunun öhdəliyi 6 milyard manat nəzərdə tutulmuşdu. Sonradan büdcəyə edilən dəyişikliklərdə bu məbləğ 7,6 milyard manata qədər artırıldı.

Bu, hazırkı məzənnə ilə fondun təxminən 4,6 milyard dollar satması deməkdir. Başqa sözlə, Fond büdcə qarşısındakı öhdəliyini icra etmək üçün hər ay valyuta hərracına orta hesabla 383 milyon dollar çıxartmalı idi.

Amma valyuta bazarındakı vəziyyətdən, xüsusilə də dollara tələbatın artıb-azalmasından asılı olaraq müxtəlif vaxtlarda satılan dollar kütləsi fərqi olub.

Maraqlıdır ki, ötən 10 ayın 7-də satılan dolların həcmi orta qiymətdən xeyli yüksək olub. Cəmi 3 ay (fevral, aprel və oktyabrda) Neft Fondu bazarda "norma”dan az dollar satıb. Ən çox valyuta satışı bu ilin sentyabr ayında olub. Həmin vaxt bazara 631,1 milyon dollar çıxarılıb.

Xatırladaq ki, məhz bu qədər dolların bazara buraxılması təqribən 1 ay ərzində dolların məzənnəsinin sabitləşməsinə, hətta satış məzənnəsinin 1,72 manatdan 1,59 manatadək enməsinə səbəb olmuşdu. Hərçənd sonrakı proseslər bu halın müvəqqəti olduğunu və problemin hələ də həllini gözlədiyini göstərdi.

İkinci ən böyük məbləğ ilin əvvəlində hərraca çıxarılıb. 2016-cı ilin yanvar ayında Neft Fondu banklara 593,8 milyon dollar satıb. Əslində, bu hal gözlənilən idi – cəmi həmin vaxtdan bir ay əvvəl – 2015-ci ilin dekabrında baş verən devalvasiyadan sonra banklarda dollara kəskin tələb yaranmışdı. Həmin tələbi ödəmək və dollar ajiotajını aradan qaldırmaq üçün bazara böyük həcmdə dollar buraxıldı.

Valyuta satışının minimum məbləği isə fevral ayında olub. Həmin vaxt cəmi 177,5 milyon dollar satılıb. 

Neft Fondunun 2016-cı ildə satdığı dolların aylar üzrə həcmi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

2016

Milyon ABŞ dolları

Yanvar

       593,8

Fevral

       177,5

Mart

       482,3

Aprel

       303,4

May

       431,2

İyun

       449,9

İyul

       449,2

Avqust

       444,4

Sentyabr

       631,1

Oktyabr

       371,0 

Cəmi

    4 333,8

Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR