Nazirlik: Ötən il 1700-dən çox əlil şəxsə xidmət göstərilib

Nazirlik: Ötən il  1700-dən çox əlil şəxsə xidmət göstərilib

Bir qrup əlilliyi olan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində olub.
 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, mərkəzlə tanışlıq zamanı bildirilib ki, əsaslı təmir və yenidənqurmadan sonra 2015-ci ilin sentyabr ayında açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi, habelə 2016-cı ilin dekabr ayında istifadəyə verilən Uşaq Bərpa Mərkəzi, bu müəssisələrdə dünyanın qabaqcıl təcrübəsi əsasında səmərəli bərpa-müalicə şəraitinin yaradılması bunun real təcəssümüdür. 18 yaşdan yuxarı əlilliyi olan şəxslərin bərpa-müalicəsi sahəsində ən yüksək standartların tətbiq edildiyi Respublika Əlillərin Bərpa Mərkəzində 2016-cı il ərzində 1756 nəfər əlilliyi olan şəxsə ən müasir tibbi-fizioterapevtik aparatlarla, səmərəli reabilitasiya üsulları ilə bərpa-müalicə xidməti göstərilib.
 
Qeyd olunub ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkənin bütün bölgələri üzrə 15 bərpa-müalicə müəssisəsi, o cümlədən  Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi müvafiq şəxslərin istifadəsindədir. Görülən işlərin davamı kimi, ötən il həmin müəssisələr tərəfindən 23,3 min nəfər reabilitasiya xidmətləri ilə təmin olunub, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 32,8 minədək protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.
 
Əlilliyi olan şəxslər Respublika Əlillərin Bərpa Mərkəzində fizioterapiya və psixoloji korreksiya, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələri, müasir avadanlıq  və qurğularla təchiz edilmiş böyük idman zalı, əlavə məşğələ otaqları  ilə yaxından tanış olublar. Burada kompleks tibbi, sosial və peşə reabilitasiyası, əlilliyi olan şəxslərin sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası üçün həyata keçirilən bərpa-müalicə prosedurları barədə onlara məlumat verilib. Müalicəvi vannalar, hovuz, müxtəlif duşlar, şarko sirkulyator, müasir fizioterapiya və kineterapiya aparatları, müalicəvi bədən tərbiyəsi və s. vasitəsilə aparılan reabilitasiya işləri nəzərdən keçirilib.  Burada bərpa xidmətləri ilə təmin olunan əlilliyi olan şəxslər ölkəmizdə yaradılan belə bir reabilitasiya şəraitindən, mərkəzdə qabaqcıl təcrübələr əsasında və müasir avadanlıqlardan istifadə edilməklə tətbiq olunan reabilitasiya metodlarından razı qaldıqlarını vurğulayıblar.
 
Mərkəzlə tanış olan əlilliyi olan şəxslər burada gördükləri ilə bağlı təəssüratlarını bölüşüb, eləcə də təkliflərini ifadə ediblər. Reabilitasiya sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb.
 
Aktual.az
Xəbər 552 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR