Natiq Əliyev: "Rusiyanın da maraqları nəzərə alınıb"

Natiq Əliyev:

Qazaxıstan son 40 ildə dünyanın kəşf edilmiş ən nəhəng yataqları sırasında dayanan və ehtiyatları təqribən 3 mlrd. ton həcmində qiymətləndirilən “Kaşaqan” yatağında hasilata hazırlaşır.

Aktual.az  xəbər verir ki, bunu energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunan məqaləsində deyilir.

Qeyd olunub ki, Qazaxıstan neftinin Avropa bazarlarına nəql edilməsi üçün əsas mənbə Xəzər dənizinin Qazax sektorunda yerləşən məhz bu yataq hesab edilir. “Kaşaqan” yatağının işə salınmasından sonra, hasil olunacaq nefti Avropa İttifaqına (Aİ) üzv olan ölkələrə nəql etmək üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərindən istifadə nəzərdə tutulur. BTC layihəsinin səhmdarı kimi bu kəmərdə 15 faizlik iştirak payına malik olan dörd şirkət (ENİ, INPEX, Conoco Phillips və Total) Qazaxıstanın "Kaşaqan" yatağında da fəaliyyət göstərir. Bu, o deməkdir ki, şirkətlər boru kəməri (boru kəmərinin layihə üzrə nəql gücü sutkada 1 mln.barel neft təşkil edir) ilə sutkada təqribən 150 min barel neft nəql edə biləcəklər.

“Bu gün Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərdən başqa, son onilliklərin siyasi münasibətlər sistemini müəyyənləşdirən əhəmiyyətli faktorlar - geostrateji mövqe, zəngin enerji resursları, Şərq-Qərb, Şimal-Cənub enerji və kommunikasiya dəhlizlərinin üzərində yerləşmələri kimi mühüm məqamlar yaxınlaşdırır” - deyən nazir bildirib ki, Azərbaycan və Qazaxıstanın materikin əsas geosiyasi bölgəsi olmalarına imkan verən bu üstünlüklər, düşünülmüş və balanslaşdırılmış siyasət sayəsində hər hansı bir dövlətin maraqlarına qarşı yönəlməyən, regionun inkişafına təkan verən layihələrin həyata keçirilməsini təmin edib:

“Əsasən, Qərb şirkətlərinin iştirakı ilə reallaşdırılan bu transmilli layihələrdə, üstəlik Rusiya kimi böyük region dövlətlərinin də maraqları nəzərə alınıb. Azərbaycan da, Qazaxıstan da bu gün həm enerji daşıyıcılarının hasilatına xarici kapitalın cəlb edilməsi və bu daşıyıcıların dünya bazarlarına çıxarılması məsələsində, həm də Xəzərin hüquqi statusu kimi mövzularda oxşar mövqedən çıxış edərək, dünyada enerji təhlükəsizliyinin təminatında etibarlı alternativ tərəfdaş kimi çıxış edir. Ona görə də böyük bir coğrafiyanın gələcək müqəddəratının müəyyənləşdiricisi kimi Azərbaycanla Qazaxıstanın adının birgə çəkilməsi heç də təsadüfi deyildir”.

Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR