Millət vəkili Q.Paşayeva Ümumdünya tütünlə mübarizə günündə MM-də uşaq və gənclərlə bağlı təkliflərlə çıxış edib.
Millət vəkili Qənirə Paşayeva büdcənin icrası ilə bağlı müzakirələr zamanı çıxışında tütünlə bağlı qəbul edilən qanunların bəzi maddələrinin icrası ilə bağlı yaranmış boşluqlardan danışıb və müvafiq qurumları ciddi addımlar atmağa çağırıb: “Bu gun ümumdünya tütünlə mübarizə günüdür. Sabah da 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Mən çox ciddi bir məsələyə toxunaraq müvafiq qurumları ciddi addımlar atmağa çağırıram. Söhbət 18 yaşına çatmamış uşaqlara siqaret və tütün məhsullarının satılmasını qadağan edən qanunvericilikdə nəzərdə tutulmuş maddələrin işləməməsindən gedir. Qaununla 18 yaşına çatmamış uşaqlara siqaretin satılması qadağan edilsə də, uşaqlara hər yerdə siqaret satılır. Bu məsələ uşaqlarımız arasında tütün məhsullarından istifadənin artmasının nə qədər böyük zərər olduğunu, bu məsələnin genefondumuz, millətimizin gələcəyi olan uşaqlarla bağlı olduğunu nəzərə alaraq 18 yaşına çatmamış uşaqlara siqaret məhsullarının satılmasını qadağan edən qanun maddələrinin ciddi şəkildə həyata keçirilməsi istiqamətində və uşaqlar arasında tütün məhsullarından istifadə hallarının artmaması istiqamətində maarifləndirməni genişləndirmək də daxil olmaqla, müvafuq qurumları qanunun yerinə yetirilməsinə ciddi nəzarət etməyə çağırıram.
Millət vəkili Q.Paşayeva həmçinin yaxın zamanlarda təhsil kreditləri məsələsinin öz həllinin tapmasının vacibliyindən də danışıb və minlərlə gənc insan, onların ailələri bu istiqamətdə yaxın zamanlarda addımlar atılacağını gözləyirlər deyərək müvafiq qurumları bu məsələyə daha geniş diqqət ayırmağa çağırıb.