Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı (QİƏPA) nümayəndə heyətinin üzvü Jalə Əliyeva Təşkilatın Moskvada keçirilən 47- ci sessiyasında çıxış edib. Ddeputat çıxışına bundan iki gün əvvəl Türkiyədə, İstanbul aeroportunda meydana gələn faciə-amansız terror hadisəsinə toxunmaqla başlayıb.
“Ölənlərə allahdan rəhmət diləyirəm, yaralılara tezliklə sağalmalarını arzu edirəm. Terror, qan axıdılması əlbəttə ki, insanlığın üz qarası, günümüzün ən böyük problemidir. Dünyanın harasında və kimə qarşı olmasına baxmayaraq, bir terror və zorakılıq hadisəsi qəti qəbuledilməzdir və bu hadisələrin baş verməməsi üçün bütün qüvvələr səfərbər olmalıdır. Adətən deyirlər ki, terrorun nə vətəni, nə də milliyəti var. Nə vaxt, harada, Kimi və necə yaxalayacağı belli deyil, Elə bu səbəbdəndir ki, bu vəhşət və dəhşət saçan əmələ dur demək, bu insanlığa yaraşmayan cəhdlərin qarşısını almaq hər kəsin və hamımızın vicdan və insanlıq borcudur”.“Assambleyanın gündəliyində duran QƏT ölkələrində qaçqınların problemləri mövzusunun təməlini də elə zorakılıq, terror, müharibə və bunların səbəb olduğu məsələlər təşkil edir.
İnsan ağlı, zəkası və əməyi sayəsində sürətlə inkişaf edən müasir dünyamızda təəssüflər olsun ki, sanki orta çağ dərəbəyliyi dövründəki kimi yaşamağa məhkum edilmiş, hüquqları tapdalanmış, hər gün ən çətin şərtlər altında yaşamaq uğrunda mübarizəsi aparan milyonlarla insan var, 20- ci əsrdə taleyinə qaçqınlıq payı düşən, doğulub böyüdüyü doğma torpaqlardan qovulan, evini eşiyini tərk etməli olan insanlar içərəisində mənim Azərbaycanlılarım da var və bu vəziyyət 21-ci əsrdə də davam etməkdədir”.Ötən əsrdə Azərbaycan bir deyil, bir-neçə dəfə məcburi köçkün və qaçqın problemi yaşamış bir ölkəsir. Azərbaycanlılar, Ermənistanın yürütdüyü işğalçı siyasət nəticəsində bir əsrdə dörd dəfə: 1905, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə qaçqınlıqvə məcburi köçkünlük problemiylə qarşılaşmışlar”.
“Xüsusilə 1988-ci ildə başlayan və bu günə qədər davam edən Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox soydaşımız öz yurd-yuvalarından didərgin düşmüşdür.Bu insanlar təqribən 20 il, 1988-ci ildən 2007-ci ilə qədər çadır şəhərciklərdə və çox ağir şəraitdə yaşamağa məcbur olmuşlar. 20 il çadırsa yaşayıb, çadırda evlənmək, çadırda uşaq dünyaya gətirmək, çadırda həmin uşağı böyütmək, onları çadır məktəbdə dərsə yollamaq, xəstələnəndə çadır tibb mərkəzində müalicə olunmaq və sonra həmin çadırda ölmək nə qədər ağır və iztirablıdır, bunu hər halda hamımız dərk edirik”.
“Digər ölkələri kimi, Azərbaycanın da müzakirə etməkdə olduğumuz mövzu ilə bağlı olaraq ölkəmizdə həyata keçirilən islahatlar və görülən işlər barəsində Assambleyaya göndərdiyi məlumatlar diqqətinizə yazılı şəkildə təqdim edilən hesabat məruzəsində ətraflı yer aldığı üçün mən məruzənin detalları və statistik rəqəmlər üzərində dayanmaq istəmirəm.Ölkəmdə qaçqın və köçkün probleminin aradan qaldırılması, onların hıyat şəraitinin yaxşılaşdırılması, bu ailələrə göstərilən dövlət qayğısı haqqında qısa və konkret olaraq bunu demək istəyirəm ki, Azərbaycan dövləti həmin kateqoriyadan olan insanların problemlərinin həlli və onlara normal həyat şəraitinin təmini üçün bütün imkan və bacarığını bu illər ərzində səfərbər edib”.Belə ki, ölkə Prezidenti tərəfindən 96 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 368 qərar və qərarnamə vermiş, Azərbaycan parlamenti 34 qanun qəbul etmiş, Prezidentin tapşırığı ilə Dövlət Proqramı hazırlanmışdır.
Görülən işlərin nəticəsidir ki, 2007-ci ildə ölkədə bütün çadır şəhərcikıər ləğv edilmiş, onların yerində tam təsisatlı, bütün standartlara cavab verən yaşayış mərkəzləri, qəsəbələr salınmışdır. Həmin qəsəbələrdə məktəblər, bağçalar, səhiyyə ocaqları, mədəniyyət mərkəzləri inşa edilmiş, yollar çəkilmiş, su, təbii qaz, elektirk təmin edilmişdir, Bir sözlə həmin qəsəbələrin infrastrukturu tam olaraq həll edilmişdir. Məcburi köçkünlərə yemək xərcləri üçün büdcədən vəsait ödənməkdə, onlara bayram müavinətləri və payları verilməkdədir. Xüsusi təsərrüfatla məşğul olan qaçqın və köçkünlərə güzəştli kreditlər və subsidiyalar ayrılmaqda, iş yerləri təmin edilməkdədir.
Azərabycan Prezidentinin sərəncamıyla Beynəlxalq Humanitar Yardım Komissiyası yaradılmışdır. Bu komissiya qaçqın və məcburi köçkünlərlə əlaqədar olaraq həyata keçirilən fəaliyyəti koordinasiya edərək, ortaya çıxan problemləri əlaqədar təşkilatlar, donor ölkələr və maliyə qurumları ilə birlikdə təhlil etməkdə, məsələnin həlli yollarını müəyyənləşdirərək, lazım olan qabaqlayıcı tədbirləri görməkdədirlər. Hal-hazırda həmin komissiya, beynəlxalq və yerli humanitar təşkilatların iştirakıyla sosial problemlərin həll edilməsi üçün müxtəlif layihələr həyata keçirir.
Amma bütün bunlarla bərabər, əlbəttə ki, hələ həllini tapmamaış problemlərimiz də qalmaqdadır. Və bu məsələlərin həllində beynəlxalq ictimaiyyətin, donor ölkələrin, maliyyə qurumlarənın köməyinə ehtiyacımız var”.“Əslində bu insanların bütün problemlərinin tək həlli yolu təxminən 30 ildir davam edən münaqişənin ədalətlə sona çatması, Azərbaycanın torpaq bütünlüyünün və suverenliyinin bərpası, işğalçı qüvvələrin işğal etdikləri ərazilərdən çıxarılması və nəhayərdə o torpaqların əzəli sakinləri olan azərbaycanlıların öz doğma evlərinə dönməsindən keçir.İnamla irəlilədiyimiz bu yolda üzvü olduğumuz QİƏT PA-nın da dəstəyini görmək bizi məmnun edərdi.Çıxışımın sonunda ölkələrimizə sülh, əmin amanlıq və inkişaf, problemlərimizin həllində müvəffəqiyyət arzulayıram”.