Azərbaycanın hazırkı mövqeyi bütün beynəlxalq qanunlara və humanitar hüquqa uyğundur.
Aktual.az xəbər verir ki, bunu İrəvanda AVRONEST Parlament Assambleyasında iştirak edən Azərbaycan parlamentinin deputatı Soltan Məmmədov erməni deputatın ittihamlarına cavabında deyib.
O bildirib ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilib: "Mən bir daha təkrar etməkdən xoşbəxtəm ki, münaqişə artıq başa çatıb və biz regiona yeni reallıqlar, yeni geosiyasi reallıqlar gətiririk. Bütün beynəlxalq təşkilatlar regiona əməkdaşlığın gətirilməsinin vacibliyini qeyd edirlər. Avropa da bu regional əməkdaşlığı dəstəkləyir. Biz bütün beynəlxalq platformalardan istifadə edərək regiona sülh gətirməyə çalışmaqdan məmnunuq”.
Soltan Məmmədov qeyd edib ki, Azərbaycan parlamentinin üzvlərinin Ermənistana səfəri iki ölkə arasında əlaqələrin istiləşməyə başlamasının əlamətidir.
Deputat Ermənistan nümayəndələrinin saxlanılanlarla bağlı ittihamlarına cavabında qeyd edib ki, Azərbaycan müharibədən dərhal sonra bütün əsirləri Ermənistana təhvil verib: "Saxlanılanlar və azad edilmiş ərazilərdəki mədəni irs abidələri ilə bağlı ittihamlara gəlincə, qeyd etmək istəyirəm ki, bütün əsirlər müharibədən dərhal sonra Ermənistana qaytarılıb. Hazırda Ermənistana qaytarılması müzakirə edilənlər isə müharibədən sonra saxlanılanlardır. Bu, bütün beynəlxalq qaydalara və qanunlara uyğundur”, - Soltan Məmmədov vurğulayıb.
Deputat Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlının itkin düşdüyünü və onlardan heç bir məlumat olmadığını nümayəndələrin diqqətinə çatdırıb.
Xəbər 328 dəfə oxunub.