Mərkəzi Bank valyuta ehtiyatlarını qorumağa çalışacaq – SƏBƏBLƏR

Mərkəzi Bank valyuta ehtiyatlarını qorumağa çalışacaq   – SƏBƏBLƏR

İyun ayından başlayaraq Mərkəzi Bankın valyuta ehtiyatlarında qeydə alınan azalma avqust ayında yenidən artım dinamikası göstərib.

Aktual.az  Fins.Az-a istinadən xəbər verir ki, avqustun sonuna olan göstəricilər 30 milyon dollar artaraq 4 milyard 192,5 milyon dollara yüksəlib. 

Valyuta ehtiyatında iyul enişi

Qeyd edək ki, iyun ayının sonuna olan məlumata əsasən, valyuta ehtiyatları 4 milyard 283,9 milyon dollar olub. İyulda isə bir qədər də azalaraq 4 milyard 162,9 milyon dollara düşüb. Sentyabr ayı üzrə nəticələr hələ açıqlanmayıb.

Ehtimallara görə, sentyabr ayından başlayaraq Mərkəzi Bankın valyuta hərracında aktiv iştiraka qoşulması 3-cü rübün sonunda göstəricilərin dəyişəcəyini deməyə əsas verir. 

Sentyabrda “dollar bolluğu”   

Qeyd edək ki, Mərkəzi Bank sentyabr ayından başlayaraq, hərraca dollar çıxarır. İlk dəfə sentyarın 8-də hərraca Dövlət Neft Fondu tərəfindən 200 milyon dollar və Mərkəzi Bank tərəfindən 100 milyon dollar olmaqla, ümumilikdə 300 milyon dollar çıxarıldı. Vəsaitlər, həmçinin Mərkəzi Bankın bazara çıxartdığı 100 milyon manat tamamilə alındı.

Dollar ajiotajı səngiyəndən sonra baş tutan digər valyuta hərraclarında isə artıq əsas dollar təminatçısı olaraq yenidən Neft Fondunun vəsaitləri istifadə edildi.

Sentyabrda baş tutan sonuncu hərracda Dövlət Neft Fondu 100 milyon dollar, Mərkəzi Bank isə 50 milyon dollar hərraca çıxardı. Fondun vəsaitlərindən cəmi 48,9 milyon dollar satıldı. Mərkəzi Bankın hərraca çıxardığı valyuta isə tələbat olmadığından növbəti dəfə toxunulmaz qaldı.

Öncə Fondun dolları satılır

Qeyd edək ki, valyuta hərracında bir qayda olaraq Neft Fondunun bazara çıxartdığı vəsaitlər satılır. Yalnız onun çıxartdığı vəsait tam alınandan sonra tələbin qalan hissəsini Mərkəzi Bank ödəyir.

Öz növbəsində, Neft Fondu aldığı manat kütləsini büdcəyə etdiyi transfertlərdə istifadə edir. Gözlənilir ki, sonuncu rübdə Fondun hərraca çıxartdığı dolları banklar tam almasa belə Mərkəzi Bank alacaq.

Çünki Fondun büdcə qarşısında olan öhdəliklərini tam yerinə yetirmək üçün manat kütləsinə tələbi artacaq. Eyni zamanda dollar kütləsini almaqla Mərkəzi Bank öz valyuta ehtiyatlarını yüksəltməyə çalışacaq. 

Xatırladaq ki, 2016-cı sentyabrın 22-nə olan məlumatlara əsaslanan iqtisadçı Samir Əliyev ümumilikdə valyuta hərracı vasitəsilə 4,6 milyard dollar satıldığını hesablamışdı. Bunun təxminən 3,8 milyard dolları Neft Fondu, 833 milyon dolları Mərkəzi Bank tərəfindən satılıb. S.Əliyev Mərkəzi Bankın, hətta aprel-may aylarında 200 milyon dollardan çox alış etdiyini də vurğulamışdı. 

Mərkəzi Bank aktivliyini belə izah edir...

Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi yalnız məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin tənzimlənməsinə yönəlib. Son vaxtlar inflyasiyaya təsir edən bir sıra daxili və xarici amillərin davranışındakı dəyişiklikləri nəzərə alaraq əlavə antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb. 

Bu istiqamətdə mühüm addımlardan biri kimi kəskin məzənnə tərəddüdlərini tənzimləmək, bununla da valyuta bazarında gözləntilərə və tarazlığa təsir etmək məqsədilə də Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən valyuta hərraclarında xarici valyutanın təklifi əhəmiyyətli artırılıb.

Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR