Mən əsgər olmaq istəyirəm!

Mən əsgər olmaq istəyirəm!

Bu qızcığazın qarşısında daşa döndüm.

Cəbhədə son hərbi əməliyyatlarda şəhid olan pilotlar – Urfan Vəlizadənin, Təbriz Mustafazadənin və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin son mənzilə yola salınmasında “Şəhidlər ölməz, Vətən bölünməz!” şuarları ilə insan selinin necə hayqırdığı hələ də qulaqlarda səslənməkdədir.

Bu insan seli Vətənin bağrına qəhrəmanları elə möhtəşəmliklə yolladı ki, dost da, düşmən də buna şahid oldu. Bu insan seli Ali Baş Komandanımız İlham Əliyevin şəhidin cənazəsi önündə baş əydiyinin, ailə üzvləri ilə ayrı-ayrılıqda görüşərək onların dərdlərinə şərik olduğunun da şahidi oldu. Ali Baş Komandan bir daha öz zabitinə, əsgərinə necə sayğı ilə yanaşdığını nümayiş etdirdi. Onun bu addımının bütün dövlət məmurlarına bir nümunə olduğunu hansısa məmur görmək istəməzsə, deməli, o məmur vətənsizdir və onun üçün vətən-torpaq anlayışı yoxdur...

Mən əsgər olmaq istəyirəm!

Biz xalq olaraq bir yumruq kimi birləşə bilirik. Xalqımızdakı birlik, həmrəylik o qədər yüksəkdir ki, insanlar Vətən üçün, torpaq üçün Ali Baş Komandanımızın əmrini gözləyir.

Elə Nizami rayon 10 saylı orta məkdəbin 10-cu "B” sinif şagirdi Günel Rəhimovanın "Mən əsgər olmaq istəyirəm” deyimi və səsindəki hayqırtı kimi...

Mən 1992-ci ildə Qarabağ müharibəsinin həm şahidi, həm qazisiyəm. O dövrdə Vətən oğulları ilə yanaşı, qəhrəman bacılarımız da bizimlə çiyin-çiyinə döyüşürdülər. Günelin "Mən əsgər olmaq istəyirəm” deyimindəki o səs məni yenidən 1992-ci ilə qaytardı. Radaların, Bəstilərin və Vətənimizin neçə-neçə qəhrəman qızının hayqıraraq "Bizə silah verin!” deyimi qədər qanımı damarlarımda dondurdu Günelin bu deyimidir...

 

İkinci Fəxri Xiyabanda cəbhədə son hərbi əməliyyatlarda şəhid olan pilotlar – Urfan Vəlizadənin, Təbriz Mustafazadənin və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin Vətən övladlarının çiyinlərdə son mənzilə yola saldığı mərasimdə əsgər libasında balaca Günelin yaxınlaşaraq "Mən əsgər olmaq istəyirəm!” deməsi bir anlığa gözlərimdən axan yaşı selə döndərdi. Bu məsum qızcığazın qarşısnda sanki daşa döndüm...

 Millətimin ərlərində olan qeyrətin onun qızlarında da olduğu heç kimə sirr deyil. Düşmənlə vuruşaraq qana-qan, cana-can deyə biləcək qeyrətli qızlarımız, qadınlarımız var. Elə Günel kimi...

 

Günelin gözlərindəki intiqamı görməmək, düşmənə olan nifrəti duymamaq mümkün deyil. Düşmənə qarşı intiqamın aşıb-daşdığını, nifrətin belə kükrədiyini gördükcə, ermənilərin bundan sonra Qarabağda yaşadığı hər günün onlar üçün cəhənnəm olacağına əmin olursan!

Görüb duyduqlarımdan az qala yıxılacağım bir anda Günelin sinif yoldaşları hayıma çatdı. Onların Günelə yaxınlaşaraq, "Günel, ölmüşük ki, biz dura-dura, sən əsgər gedəsən? Biz qardaşlar döyüşəcəyik, siz bacılar isə bizm qəhrəmanlığımızla qürur duyacaqsınız!” – dedikdə bu mərd, comərd balaların hər birini ayrı-ayrılıqda öpmək istədim.

Onların cəsarəti qarşısında baş əyməmək mümkün deyildi. Ancaq özümü toparlayıb üzümü Günelə və onun sinif yoldaşlarına tutdum: "Sizin hər birinizin içindəki Vətən eşqi, torpaq sevgisi, qəhrəmanlıq dəyanəti qarşısında baş əyirəm! Amma bizim güclü ordumuz var, əmin olun ki, bu ordu tezliklə zalım düşmənin yuvasına od vuracaq. Bu gün şəhid olan Vətən oğulları da düşmənin səngərlərini dağıdaraq, onları işğal etdikləri torpaqlarımızdan qovan zaman şəhid oldular. Bu gün sizlərin qarşısında təkcə bir vəzifə var.  Oxumaq, mükəmməl təhsil almaq! Zəka ilə, elm ilə düşmənə qalib gəlmək! Ordumuzun əldə etdiyi uğurların da sirri elmi, hərbi biliklərdədir. Kor-koranə döyüşlər artıq geridə qaldı. Ali Baş Komandanımız İlham Əliyevin müdrik siyasəti, Müdafiə nazirimiz Zakir Həsənovun ağılla, düşüncə ilə ordumuza rəhbərliyi tezliklə bizə xoş qələblələrin müjdəsini verəcəkdir. Buna əmin olun və təhsildə əldə etdiyiniz biliklərlə, qazandığınız uğurlarla qələbələrimizə dəstək olun!..

…Günel balamızın "Mən Əsgər olmaq istəyirəm!” hayqırması bir qızcığazın deyəcəyi adi bir söz deyildi. Bu söz millətimin günellərinin qəlbindəki qorxmazlığın, Vətən torpaqlarına olan sevginin təcəssümü idi.

Bu qorxmazlığın, bu sevginin qarşısında baş əyirəm!

Nahid Canbaxışlı

Xəbər 6995 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR