Məhsullarımız Rusiya sərhədindən niyə qaytarılır? - Açıqlama

Məhsullarımız Rusiya sərhədindən niyə qaytarılır?   - Açıqlama

Dövlət Gömrük Komitəsi son dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiya Federasiyasına göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması hallarının sayı artması ilə bağlı məlumat yayıb.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, sonuncu dəfə Rusiya federasiyasına göndərilən xeyli miqdarda pomidor məhsulu geri qaytarılıb, ölkəyə buraxılmayan məhsulun bir hissəsi isə tamamilə zay olub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirib. 

Qeyd edək ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına göndərilən kənd təsərrüfatı məhsulları və digər mallar qanunvericilikdə nəzərdə tutulan bütün müvafiq sənədlərlə təmin olunduqdan sonra ixracına icazə verilir. Buna görə də geri qaytarılan pomidor məhsullarının mənşə sertifikatının düzgün olmaması, yəni dolayısı ilə məhsulun Azərbaycanda istehsal edilməməsi barədə irəli sürülən arqumentlər əsla həqiqətə uyğun deyil. Üstəlik araşdırmalar göstərir ki, Azərbaycandan göndərilən kənd təsərrüfatı məhsullarında müvafiq analizlərin aparılması Dağıstan Respublikası ərazisində mümkün olmadığından məhsullardan götürülən nümunələr paytaxt Moskvaya göndərilir ki, belə olan halda nəticələrin əldə olunması üçün bəzən 10 gündən də artıq vaxt tələb olunur. Bu vaxt ərzində isə sərhəddə gözləyən həmin kənd təsərrüfatı məhsulları əksər hallarda yararsız olur.

Bir məqamı xüsusi olaraq diqqətə çatdırırıq ki, hələ 2015-ci il, şimal qonşumuzun hər hansı bir ölkəyə sanksiyalar tətbiq etmədiyi dövrlə qadağaların tətbiqinə başlanıldığı 2016-cı il qarşılaşdırıldığında Rusiya Federasiyasına pomidor məhsulunun əsas ixracatçılarının eyni şəxslər olduğu məlum olmuşdur.

Xatırladaq ki, artıq problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsi Rusiya Federasiyasının aidiyyatı qurumlarına rəsmi olaraq müraciət edib və bu istiqamətdə intensiv iş aparılır.

Xəbər 460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR