Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və “Neft daşları” yatağında itkin düşən 3 nəfərin axtarışına bu gün Xəzər dənizinin Türkmənistan ərazisində başlanılıb.
Aktual.az xəbər verir ki, bu barədə Report-a “Azneft” İstehsalat Birliyində yaradılmış operativ qərargahdan məlumat verilib.
Qeyd olunub ki, bunun üçün Türkmənistan Dövlət Sərhəd Xidmətindən icazə alınıb. Bu ərazidə axtarışı Fövqəladə Hallar Nazirliyinin (FHN) uzaq məsafələri axtarmaq üçün müəyyənləşdirilmiş bir təyyarəsi həyata keçirir. Bu təyyarə dənizə eniş edə bilir.
Xəzərin Azərbaycan sektorunda isə hazırda FHN-nin 3 helikopteri, 2 gəmisi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 2 helikopteri 5 gəmisi axtarış aparır.
Eyni zamanda, FHN-nin Sularda Xilasetmə Xidmətinin qüvvələri Bayıl ərazisində sahilboyu axtarış həyata keçirirlər.